“Qriqorçukun vaxtında bu istəyin heç 10 faizi yox idi”

Azərbaycan Premyer Liqasında 10 tur geri qalıb. “Qarabağ” 24 xalla birinci sıradadır. 21 xalı olan “Turan Tovuz” ikinci, ondan bir xal geri qalan “Araz-Naxçıvan” isə üçüncü sıradadır.

Sonuncu pillədə isə 3 xalla “Kəpəz” qərarlaşıb.

Gəncə klubunun sabiq baş məşqçisi Adil Şükürov “FutbolPress“ə açıqlamasında turu dəyərləndirdi:

“Maraqlı tur oldu. “Neftçi” – “Səbail” oyunundan əvvəl qonaq komandanın baş məşqçisi Şahin Diniyevin açıqlamalarına baxanda hiss olunurdu ki, gözləntiləri aşağıdır. Oyunun gedişatında da “Neftçi” bütün komponentlərdə onları üstələdi. Buna baxmayaraq, matçın qəhrəmanı “Səbail”in qapıçısı Hüseynəli Quliyev oldu. “Neftçi” isə çox istəkli idi, sona qədər mübarizə aparırdılar. Roman Qriqorçukun vaxtında bu istəyin heç 10 faizi yox idi. “Nefti” layiq olduğu qələbəni qazandı.

“Sumqayıt” – “Turan Tovuz” oyununa gəlincə, Vaqif Cavadov Premyer Liqa təcrübəsinə yaxşı başlamasa da, “Sumqayıt”ın oyununda dəyişiklik göründü. Samir Abasovun dövründə olan kompnentlərdən əsər-əlamət yox idi. Bu da başa düşüləndir, çünki yeni baş məşqçi nələrisə dəyişmək üçün gəlib. “Turan Tovuz” isə zirvə yarışında vacib üç xal qazandı. Matça sürətli başlayıb, ardıcıl qollar vuraraq inamlı qələbə əldə etdilə.r Vaqif Cavadovun “Sumqayıt”ı iki qol vurmaqla potensiallarının olduğunu göstərdi.

“Zirə” – “Sabah” oyunu da maraqlı keçdi. Yaxşı mübarizə var idi və meydan sahibləri son dəqiqə qolu ilə bir xal qazandı. Çempionatda 10 tur geridə qalıb və artıq komandalar arasında fərqlər üzə çıxmağa başlayır”.

Şükürov sabiq komandası “Kəpəz”in “Qarabağ”a 0:5 hesablı məğlubiyyəti haqda da danışdı:

“Qarabağ”ın qələbəsi normaldır. “Kəpəz” üçün qarşıdakı turlar daha vacib olacaq. Bu turda “Səbail” və “Sumqayıt”ın məğlub olması onlar üçün yaxşı oldu ki, xal fərqi artmadı. “Kəpəz”in qarşıda “Turan Tovuz” və “Səbail”lə oyunları var. Bu görüşlər vacibdir. Məğlubiyyətlər xal fərqini artıra bilər. Buna görə çox vacib oyunlar olacaq”.

Şahin Cəfərov