Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” üçüncü yoxlama oyununda “Erzurumspor”la heç-heçə edib.
Bu, “ağ-qaralar”ın yeni baş məşqçisi Roman Qriqorçukun komandada üçüncü matçı olub. Rəsmi olmasa da, “Neftçi” ukraynalının rəhbərliyi altında artıq müəyyən nəticələr əldə edib. “Neftçi” 3 oyunun 2-də Super Liqa təmsilçilərini məğlub etməyi bacarıb.
Paytaxt təmsilçisi əvvəlcə “Alanyaspor”a (3:1), daha sonra “Sivasspor”a (2:1) qalib gəlməyi bacarıb. Son sınaq matçında qeydə alınan bərabərlik də qənaətbəxş hesab edilə bilər.
Toplanışda komandada müsbət atmosfer olduğu hiss edilir. Mətbuata daha çox qapalı qalmağı üstün tutan “ağ-qaralar”ın əsas durumu isə çempionatın startında bilinəcək. Qriqorçuk demək olar, bir aya yaxındır, komanda ilə birlikdə çalışır. Sınaq matçlarında nəticələri uğurlu adlandırmaq olar. Transferdə ehtiyatlı davranan “ağ-qaralar” buna qədər üç futbolçunu – Edin Kuç, Emil Səfərov və Ramil Şeydayevi heyətinə qatıb.
“Neftçi”də gələnlərin sayı azdırsa, gedənlərin sayı bir o qədər çoxdur. Qapıçılar Aqil Məmmədov, İvan Brkiç, müdafiəçi Ömər Buludov, yarımmüdafiəçi Eddi İsrafilov, Ataa Caber, Rezuan Mirzov komandanı tərk edib. Xüsusilə, qapıçı mövqeyində problemlər qaçılmaz ola bilər. Hazırda “Neftçi”də iki qolkiper – Emil Balayev və Rza Cəfərovun adı ön plandadır. Emil uzun müddətlik zədədən sonra yenidən məşqlərə qoşulub, Cəfərov isə ötən mövsümün tapıntısıdır. Klubun “çərçivə”yə daha bir qolkiper transferi gözlənilir.
Komandanın əsas narahat yerindən biri isə hücumun sivri ucudur. Hazırda heyətdə mərkəz hücumçusu kimi oynaya biləcək əsas oyunçu Yeqor Boqomolskidir. Lakin belaruslu forvardın bu vəzifənin öhdəsindən hansı dərəcədə gələcəyi sual altındadır. “Neftçi” xüsusilə bu mövqedə problemi aradan qaldıra bilsə, yeni mövsüm üçün iddialı ola bilər.
“Neftçi” Premyer Liqada 2024/25 mövsümünün birinci turunda “Turan Tovuz”u qəbul edəcək. Avqustun 2-də baş tutacaq görüşə saat 20:00-da start veriləcək.