Qriqorçuk yenə söz verdi: “Yaxşı futbol oynayan “Neftçi” görəcəksiniz”

Azərbaycan Premyer Liqasının VII turunun “Qarabağ” – “Neftçi” oyunundan (4:0) sonra qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Ölkədə bu gün bayramdır. Hər kəsi təbrik edirəm. Təəssüflər olsun, bu gün azarkeşləri sevindirə bilmədik.

– “Neftçi” azarkeşlərini nə vaxt sevindirəcəksiniz?
– Məni narahat edən amillərdən biri onları sevindirə bilməməyimizdir. Söz verə bilərəm ki, bu sevinci qısa zamanda yaşadacağıq.

– Oyun planı nədən ibarət idi və nə alınmadı?
– Başa düşürdük ki, ən yaxşı edə biləcəyimiz şey topa sahib olmaqdır. Top bizdə olanda hücum etmək istəyirdik. Bunu reallaşdıra bilmədik. Tək bizim günahımız deyil, rəqibin də gücü bəllidir. Müdafiə planında istəyirdik ki, daha çox irəlidə pressinq tətbiq edək. Ancaq istədiyimiz kimi alınmadı, yarımçıq etdik. Oyunçularla söhbətdə də müzakirə etmişdik ki, bu cür keyfiyyətli rəqibə qarşı mövqe müdafiəsi çətin olacaq. Ona görə irəlidə pressinq etmək istəyirdik.

– “Qəbələ”də uğurlarınız və ambisiyanızla yaddaşlarda qalmısız. Vəziyyət belə davam edərsə, qarşıdakı hədəfləriniz nədir?
– Hədəf birdir – istədiyimiz futbolu tətbiq edək. Hazırda qələbə qazana bilmirik və çox danışmaq olmur. Düşünürəm ki, istədiyimiz kimi oynadığımız vaxtda burda danışmaq daha rahat olacaq.

– Emin Mahmudovun məsələsi klubdaxili ola bilər. Ancaq çox müzakirə olunur, mümkünsə aydınlıq gətirərdiniz…
– Dünəndən etibarən birinci kapitan Ramil Şeydayev, ikinci Yuri Matias, üçüncü isə Robert Bauerdir. Bu, mənim qərarımdır.

– “Neftçi”nin istədiyiniz oyunu göstərməsi üçün nə çatışmır?
– Çalışıram, bu haqda çox danışmayım, susum. Müxtəlif insanlar bunu fərqli təhlil edirlər. Baş verənlərin dərin təhlili məndə var və sakitəm. Hər futbolçuya inanıram. Əminliklə deyə bilərəm ki, yaxşı futbol oynayan “Neftçi” görəcəksiniz.

– Rəhbərlik bu vaxtı sizə verəcək?
– Öncə onu deyim ki, bu suala mənim cavab verməyim düzgün olmaz. Rəhbərlikdən soruşun. Rəhbərliklə danışır, müzakirələr aparırıq. Futbolu yaxşı bilirlər və düzgün addımlar atırlar. Eyni zamanda yüksək ambisiyalıdırlar. Bunu rəhbərliklə danışdıqdan sonra başa düşdüm. Bu insanlarla danışan zaman onları başa düşə bilirəm. Dinləyirəm və buna istinadən sizə deyirəm. Üç şey var – yüksək səviyyədə başa düşürlər, yüksək səviyyəli ambisiyaları var və nə etməli olduqlarını bilirlər.

– Məlumat yayılmışdı ki, “Qarabağ”la oyunda məğlubiyyət olsa, istefa verəcəksiniz… Ümumiyyətlə, bu haqda düşünürsünüz?
– Bizim aramızda olan söhbətdən sonra dedilər ki, siz peşəkarsınız. Mən də peşəkaram. İndi düzgün olmaz ki, şayiələrdən danışaq.

– Siz ciddi olaraq düşünürsünüz ki, məğlubiyyətlər davam edəcək?
– Ümumiyyətlə, ciddi düşünürəm, ciddi insanam. Hər şey haqqında dərin düşünürəm. Başqa şeylər haqda fikirləşməyə vaxtım yoxdur. Komandamız yaxşı deyil və düşüncəm yalnız bu vəziyyətdən çıxmaqdır.

Şahin Cəfərov