Qriqorçuk: “Tutduğum yoldan dönmək istəmirəm”

Azərbaycan Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Neftçi” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– Vurulan qol “Neftçi”yə yaraşdı?
– Burda problem görmürəm. Feyr-pley üçün hansısa səbəb yox idi. Hər şeyi dəqiqliklə görürdüm, Lebon ayağa qalxırdı. Epizodu şərh etmək çox rahatdı. Bizim oyunçumuz ayağa qalxırdı, amma rəqib qapıçı topu çölə atırdı.

– Rəhman Hacıyev və Emin Mahmudov meydana daxil olduqdan sonra kapitanlıq sarğısı ona verilmədi. Əvəzində yeni transferlərdən Ramil Şeydayev sarğını daşıyırdı. Kapitanlar kimlərdir?
– Gəlin, münasibətlərə aydınlıq gətirək. Bəzi çərçivələr var ki, onlar bizim daxili məsələmizdir. Xahiş edirəm, bunlara qarışmayaq. Sizin suallarınıza cavab verməyə hazıram, indi də kapitanlıq məsələsi daxili qərarımızdır və buna hörmətlə yanaşmaq lazımdır. Təsəvvür edin, oyun bitib, amma sual veririk ki, niyə o komandanın baş məşqçisi ordadır, bu komandanınkı burda.

– Qəbul etdiyiniz qərarlar dövlət sirri deyil ki, gizli saxlayasınız. Qərarlar oyunların nəticələrinə təsir edirsə, bunlarla bağlı məlumat verməyə borclusunuz.
Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərli: Mətbuat kofransı oyunsonrası suallara cavab verilmək üçündür. Sual verildi və məşqçi cavab verdi. Sadəcə polemikaya getməyək.

– Sizə elə gəlmir ki, Kilan Lebon sol cinahda daha effektivdir. Lakin onu sağa çəkirsiniz. Görünən odur ki, Lebon solda daha yaxşı oynayır.
– İlk öncə onu deyim ki, vinger həm soldan, həm sağdan oynamağı bacarmalıdır. Hər oyun futbolçularla müzakirələr edir, təhlillər aparırıq. Ştoqrin üçün sol və ya sağ cinah fərq etmir.

– 4 tur geridə qalıb və böyük təzyiqlər var. Qriqorçuk “Qəbələ”də işləyəndə də çempionluq üçün mübarizə aparırdı. Ovaxtki təzyiq çox idi, ya indiki?
– Deyərdim ki, indi bu təzyiqə daha az diqqət edirəm. Təəssüflənirəm ki, 4 oyun qələbə qazana bilməmişik. Elə bir yoldayıq ki, komanda yenilənir. Hazırda da transfer işlərinə davam edirik. Yeni oyunçular var və onların durumu istədiyimiz formada deyil. Təzyiqi o zaman daha çox üzərimdə hiss edərdim ki, komanda istədiyim kimi olsun, amma nəticə gəlməsin. Qarşıda beynəlxalq fasilə olacaq. Bundan yaxşı istifadə etməyə çalışacağıq. İndidən yaxşı nəticələrin olmasını istərdik. Sadəcə vaxt lazımdır. Əlbəttə, başqa yanaşma ilə də işlərə baxa bilərik. Nəyin bahasına olur olsun, qələbəni düşünə bilərik. Lakin istədiyimiz odur ki, təsadüfi yox, layiqli qələbələrimiz olsun.

– Başqa klubda olsaydınız, bu nəticələrə görə tənqid edilməyə bilərdiniz. 4 turda qələbə qazana bilmədiyiniz üçün hansı hissləri keçirirsiniz?
– Tutduğum yoldan dönmək istəmirəm. Səbirli olmaq lazımdır. Ümumi hisslərim çox pisdir, daha yaxşı olmasını istərdim. Səbrlə davranacam və istədiyimi əldə edəcəm.

Şahin Cəfərov