Qriqorçuk: “Şükürlər olsun, düzgün yoldayıq”

Azərbaycan Premyer Liqasının V turunun “Şamaxı” – “Neftçi” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Nəticədən narazı qaldım. Lakin oyun haqda danışsaq, hələ bir neçə oyunçumuz komandaya uyğunlaşmayıb.

– Bu gün hansı müsbət məqamlar oldu ki, azarkeşlərə ümid verəcək?
– Birmənalı deyərəm ki, əvvəlki oyunlarla müqayisədə bu gün çoxlu qol epizodları yaratdıq. Buna baxmayaraq, dəyərləndirə bilmədik.

– 5 oyuna 2 qol vurmusunuz. Qarşıdan milli fasilə gəlir. Bu, yararınıza olacaq?
– Bu gün çoxlu qollar vura bilərdik. Ancaq epizodları realizasiya edə bilmirik. Qarşıdakı fasilə bizimçün çox vacibdir. Obyektiv səbəblərə görə tam işləyə bilmədiyimiz məsələlərin üzərində çalışacağıq. Fasilədən yararlanmağa çalışacağıq. İstəyirik ki, komandamız hücumda daha aqressiv olsun. Bu gün bəzi epizodlarda bunları gördük. Amma daha yaxşısını istəyirik.

– Uyğunlaşma üçün vaxta ehtiyacınızın olduğunu dediniz. Adətən yeni mövsümə hazırlıq erkən başlayır, komanda yığılır və toplanışa hazır yollanılır. Amma sizdə sanki gecikmə var. Buna səbəb nə oldu?
– İndiki heyətlə toplanışa başlasaydıq, komandamız daha yaxşı olardı. Bəzi səbəblər oldu ki, ləngidik. Şükürlər olsun, düzgün yoldayıq. Ümid edirəm ki, qarşıdakı günlərdə zədəli futbolçular da komandayla olacaq.

Şahin Cəfərov