Azərbaycan Premyer Liqasında I turun oyunları davam edir.
Baş məşqçi postuna Roman Qriqorçuku gətirən “Neftçi” birinci matçda “Turan Tovuz”la heç-heçə edib – 0:0. “Ağ-qaralar” görüşə yaxşı başlayan tərəf olsa da, sonradan oyun üstünlüyünü tovuzlulara verdi. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv “Neftçi”ni geridə qəbul etmək və sürətli əks-hücumlara çıxmaqla rəqibini məyus etməyi planlaşdırırdı. Tovuz təmsilçisi ilk hissədə bir neçə təhlükəli əks-hücum yaratsa da, sonluq gəlmədi. “Neftçi” isə fasiləyə yaxın artıq tempi aşağı salmışdı. Bəzi epizodlarda cinahlardan reydləri çıxmaqla demək olar, komanda ciddi hücumla yadda qalmadı.
Fasilədən sonra isə “Turan Tovuz” oyuna sürətli başladı. Ümumiyyətlə ikinci hissədə tovuzluların daha yaxşı oynadığını desək yanılmarıq. Daha çox qol epizoduna girən tərəf olan Berdıyevin yetirmələri sonluğu düzgün qoya bilmədi. Nəticə həm “Neftçi”, həm də “Turan Tovuz” üçün qənaətbəxş olmalıdır.
Uğursuz keçən mövsümdən sonra ciddi dəyişikliklər edən “Neftçi”də gözlə görüləcək inkişaf demək olar, yoxdur. Komandada ciddi oyun üslubu seçilmədi, sadə epizodlarla rəqib müdafiəsini yarmağa çalışan “ağ-qaralar” əliboş qaldı. Bəzən Ramil Şeydayev, bəzən də Andre Şinyaşiki təhlükəli olmağa çalışsalar da, fərqlənməyi, fərq yaratmağı bacarmadı.
Oyuna ümumi nəzər saldıqda, “Turan Tovuz”un “Neftçi”dən daha diri göründüyünü deyə bilərik. Xüsusilə, yarımmüdafiədə yeni transfer – sabiq “Sabah”lı Kristian Silva inamlı oyunu ilə seçildi. “Neftçi”də isə çatışmazlıqlar davam edir.
Günün digər matçında isə “Sumqayıt” azarkeşləri önündə “Kəpəz”i iki cavabsız qolla məğlub etdi. Oyunda üstün tərəf olan “kimyaçılar” “Fehervar”la (Macarıstan) ağır duellərdən sonra yorğunluğu gizlədə bilmədi. Birinci qoldan sonra üstünlüyü əlində saxlayan “Sumqayıt” qapısında ciddi təhlükə yaşamadı. Əvəzində fasilədən sonra daha bir qol vurmaqla oyunun sonluğunu gətirdilər.
“Kəpəz”də isə meydanda demək olar, oyun adına nəsə olmadı. Yeni transferlər hələ uyğunlaşmayıb. “Sumqayıt”a diş keçirə bilməyən gəncəlilər birinci hissədə hücumlara cəhd etsə də, fasilədən sonra demək olar, nə iləsə yadda qalmadılar. “Kəpəz”in təcili artırmağa ehtiyacı var. Sərgilənən oyun ümid vermir və mövsümü bu heyətlə tamamlamaq çətin olacaq. İlk turun başa çatan oyunlarından sonra ən zəif təsiri bağışlayan da “Kəpəz” oldu…