Qolf təbiətdə xüsusi olaraq düzəldilmiş yaşıl sahədə çubuqlar və kiçik sərt topla oynanılan bir oyundur. Oyunun məqsədi, sahənin təyin olunmuş 18 parkurunu (çuxurunu) qolf topuna ən az vuruş edərək tamamlamaqdır. Qolf Qərb ölkələrində əsasən varlıların, aristokratların məşğul olduğu idman növü sayılır.
Qolfu digər idman oyunlarından fərqləndirən əsas xüsusiyyətlərdən biri bütün oyun sahələrinin bir-birindən fərqli olmasıdır. Dünyada bir-biri ilə oxşar olan qolf sahəsi yoxdur. Sahədə hər çuxurun uzunluğu bir-birindən fərqlidir. Qolf sahələrinin cəmi uzunluğu, normal olaraq 5400 metrlə 7000 metr arasında dəyişə bilər. Əksər idman növlərində olduğu kimi, qolfda da bir qolfçunun gerçək rəqibi digər oyunçulardır. Amma bu oyunun sahəsi xüsusi relyefli olduğundan qolfçunun əsas rəqiblərindən biri də qolf meydançasıdır. Qolfda iki əsas qayda var: oyunçuya və sahəyə hörmət.
Qolf ABŞ-də daha çox inkişaf edib. Adıçəkilən ölkədə 250 mindən çox qolf sahəsi və 35 milyondan çox qolfçu var.
Bəs Azərbaycanda vəziyyət necədir?
Azərbaycan Qolf Federasiyasının İdarə Heyətinin üzvü, milli komandanın qolfçusu Tural Vəlizadə ilə sözügedən idman növünün ölkəmizdəki vəziyyəti ilə bağlı danışdıq.
O, qolfa gəlişindən danışdı:
“2014-cu ildən qolfla məşğul olmağa başladım. Bundan əvvəl başqa idman növləri ilə də məşğul olmuşam. Ancaq sonda qərara gəldim ki, qolfu özümə həm hobbi seçim, həmçinin peşəkar məşğul olum. Araşdırma edəndə gördüm ki, burada hər hansı yaş limiti yoxdur, 7-dən 77-ə qədər hər kəs qolfla məşğul ola bilər. Hazırda həm oyunçu, həm də məşqçi kimi fəaliyyət göstərirəm”.
Müsahibim çıxış etdiyi turnirlərdən bəhs etdi:
“Digər idman növlərində olduğu kimi, qolfda da beynəlxalq yarışlarda iştirak etməzdən əvvəl yerli turnirlərdə çıxış etmək vacibdir. Daxili yarışlarda, respublika çempionatlarında qalib və mükafatçı olmuşam. Uğurlu çıxışım nəticəsində beynəlxalq arenalarda həm komanda ilə, həm də fərdi şəkildə ölkəmizi təmsil etmişəm. 5 beynəlxalq turnirdə iştirakım olub. 2 dəfə Qazaxıstanda, həmçinin Bəhreyndə ölkəmizi təmsil etmişəm. Həmin turnirlərdə dünyanın 100-dən çox ölkəsindən iştirakçılar var idi. Bu turnirlər mənim üçün təcrübə meydanı oldu. Bu kimi yarışlarda ilk “10-luq”da olmuşuq. Azərbaycan kimi ölkə üçün bu nəticəni uğur hesab etmək olar”.
Federasiya rəsmisi hər keçən gün qolfa marağın artdığını bildirdi:
“Azərbaycanda qolfa maraq daim artır. Rəsmi olaraq ölkəmizdə ilk qolf klubu 2013-cü ildə Qubada yaradılmışdı. 2015-ci ildə isə Bakıda ikinci qolf klubu fəaliyyətə başlayıb. Hazırda ölkədə iki klub fəaliyyət göstərir. Bunun birinin regionda olması sevindiricidir. Nəzərə alsaq ki, qolfun Azərbaycanda yaşı 11-dir. Və ilk illərlə müqayisə etsək, indi görmək olar ki, nəticələr yaxşıdır. Əhalimizin böyük əksəriyyəti ən azı həvəskar şəkildə qolfla məşğul ola bilər. Marağın artmasına əsas səbəblərdən biri də 2016-cı ildə qolfun Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi oldu. Ardıcıl olaraq iki olimpiadada proqramında izlədiyimiz qolfu bu il Parisdə də görə biləcəyik. Bütün bunlar həm dünyada, həmçinin Azərbaycanda qolfun inkişafına və marağın artmasına səbəb olur”.
Vəlizadə çətinlikləri də qeyd etdi:
“Hazırda təlabata uyğun işlər görülür. Bakıda milyonlarla insanın yaşamasına baxmayaraq bir qolf klubu yetərlidir. Digər ölkələrdə olduğu kimi Azərbaycanda da şəhərin mərkəzində klublar yerləşmir. Çünki adı çəkilən ərazilərdə torpaq qiymətləri baha olur. Ona görə bu bir az çətinlik yaradır. Şəhər ətrafında klubların olmağı daha məqsədəuyğundur. Çünki həmin ərazidə sakitlik olmalıdır. Dediyim kimi, xarici ölkələrdə də şəhər mərkəzində klublar azdır. Amma bəziləri şəhərin mərkəzində klub istəyirlər. Çünki vaxt və digər məsələlər baxımından onlara da haqq vermək olar. Gələcəkdə marağın artdığını görsək, tələbat olan yerlərdə klublar fəaliyyətə başlayacaq. Aran zonasında klub açmaq çətindir. İqlim və suvarmada çətinliklər olur. Amma dağlıq rayonlarında bu daha asandır. Ümumilikdə baxdıqda isə bu idman növü üçün yay arzuedilən fəsil deyil”.
Milli komandanın üzvü qeyd etdiyi çətinliklərə baxmayaraq inkişaf üçün maneənin olmadığını dedi:
“Dediyim kimi, insanların tələbatını asanlıqla qarşılamaq gücündəyik. Gənclər və İdman Nazirliyi də bizə lazım olan qədər köməklik göstərir. Özümüz də regionlara səfərlər edirik, təbliğat aparırıq. Amma təəssüf ki, tələbat çox deyil. Bütün idman növlərində olduğu kimi, qolfa da nə qədər çox pul ayrılsa, o qədər də inkişaf görmək olar. Bu yöndə işlər gedir. Lakin, ümumi nəzər salsaq, qısa müddət ərzində işlər qənaətbəxşdir”.
O, mütəmadi olaraq qolfun təbliğatı üçün işlərin getdiyini söylədi:
“Gənclər arasında mütəmadi təbliğat işləri aparırıq. Həmçinin sosial media və televiziya vasitəsilə də bu idman növünü kütləviləşdirməyə çalışırıq. Bundan əlavə gənclər üçün qolf dərsləri keçirilir. Həmçinin müəyyən vaxtlarda məktəblərdən şagirdlər cəlb etməyə çalışırıq. Belə layihələrimiz bir neçə dəfə olub. Bu fəaliyyət artan templə davam edir. Gənclər illər ötdükcə, qolfa daha çox maraq göstərəcəklər. Bir məqamı da qeyd edim ki, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr daha çox qolfa maraq göstərirlər. Çünki Avropada qolf daha populyardır. Orada işdən sonra insanlar istirahət vaxtı qolfla məşğul olurlar. Yayda gənclərimizə daha çox qolf öyrədirik. Biz insanları məcbur edə bilmərik ki, qolfla məşğul olsunlar”
Tural Vəlizadə inkişaf üçün yeni əməkdaşlıqlardan da danışdı:
“2022-ci ildə yeni federasiya rəhbərliyi təyin olundu. Rauf Xəlilov prezident seçildi. 2023-cü ildə Zəfər turniri təşkil edildi. Həmin turnirdə Türkiyən Qolf Federasiyasının prezidenti də ölkəmizə səfərdə idi. Dünyanın bir çox ölkələri yarışda təmsil olunurdu. Həmçinin növbəti beynəlxalq yarış Türkiyədə təşkil olunacaq. Bir çox ölkələrin müvafiq federasiyaları ilə əməkdaşlığa başlamışıq. Yaxın vaxtlarda Gürcüstanla turnir təşkil olunacaq. 2022-ci ildə Avropa Qolf Assosiasiya ilə müqavilə imzaladıq. Yaxın gələcəkdə idmançılarımızı beynəlxalq turnirlərə göndərməyi düşünürük”.
Məlik Məlikov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.