Azərbaycan Premyer Liqasında klubların yay transfer dönəmində heyətinə qatdığı oyunçuların hamısı ümidləri doğrulda bilmir.
“FutbolPress“in məlumatına görə, qol ümidi ilə komandalara cəlb olunan hücumçular qol vurmaq bir yana, heç şans qazana bilmirlər.
“Sabah”a böyük ümidlərlə cəlb edilən Neqoş Kupuşoviç qolu unudanlardandır. Forvard bu mövsüm cəmi 8 oyunda 78 dəqiqə şans qazanıb və qol vura bilməyib. Serbiyalı hücumçu əvəzində bir məhsuldar ötürmə ilə yadda qalıb. Neqoş Premyer Liqada isə 12 turda cəmi 6 dəfə meydana çıxıb və qol hesabını aça bilməyib.
“Sumqayıt”ın braziliyalı transferi Fernando Medeyros da passivlərin sırasındadır. Samir Abasovun dövründə daha çox şans qazanan futbolçu Vaqif Cavadovun baş məşqçi postuna gəlişindən sonra ehtiyat qüvvəyə çevrilib. Gözləntilər yüksək olsa da, Medeyros “kimyaçılar”da 7 oyunda cəmi 1 qolla yadda qalıb.
“Şamaxı”dan Conatan Benteke də qol siftəsini edə bilməyənlərdəndir.
Azərbaycan klublarının transfer siyasətləri daim tənqid edilən mövzulardandır. Bir-iki komanda çıxmaqla oyunçu seçimlərində yanılmayan kollektiv demək olar, yoxdur. Yanılanların ön sırasında isə “Neftçi” dayanır. Yayda transfer edilən Ramil Şeydayev, Dembo Darbo iki nəfərə cəmi 5 qol vurublar. “Neftçi” kimi komandanın forvardlarının məhsuldarlığının aşağı olması nəticələrə də təsirini göstərir. Əvvəl Qriqorçuk, indi Samir Abasov realizasiya problemindən şikayətlənir. Lakin qol yollarında əsas yük sahibi hücumçuların passivliyi davam edəcəyi halda, nəticələ də ürəkaçan olmayacaq.