Son illərdə qadın futboluna maraq yüksələn xətt üzrə inkişaf edir. Demək olar ki, TOP-5 liqalarda çıxış edən klubların böyük hissəsində qadın komandaları var, əksər ölkələrdə çempionatlar təşkil edilir. Artıq zərif cinsin nümayəndələri də futbol oynamağı bacardıqlarını göstərir və onların oyununa maraq heç də az deyil. Bir həftə əvvəl qadın komandaların Çempionlar Liqasında İspaniyada baş tutan “Barselona” – “Volfsburq” matçını 91 648 tamaşaçı izləyib və bu, rekorddur. Ümumən, qızların “tamaşasına” cəlbedici demək olar. Ancaq hər sahədə olduğu kimi, qadın futbolunda da bir çox problemlər, incə məqamlar, mentalitet, psixoloji faktorlar və gender bərabərliyi məsələləri var.
Gender bərabərliyi əsas hüquqlardandır. Artıq xanımlar cəmiyyətdə öz haqlarını rahat şəkildə müdafiə etməkdə sərbəstdirlər. Keçmişə nəzər salsaq, kişilərin fiziki güclərinə görə idman sahəsinə daha çox meyil saldığını, qadınların isə bu növdən kənarda qaldığını görərik. Lakin müasir dövrdə zərif cinsin nümayəndələri də kişilərlə bərabər müxtəlif idman sahələrinə ciddi maraq göstərir, hətta ən ağır növlərdə güclərini sınayırlar.
1918-ci ildə Şərqdə qadınlara ilk dəfə seçki hüququ verilən Azərbaycanda qadın futbolunun yaranması və onun inkişafı labüd idi. Buna baxmayaraq, ölkəmizdə qadınların futbola peşəkar şəkildə ilk addımları XXI əsrdə baş tutdu. 2000-ci ildən sonra yenidən xanım futbolçulardan ibarət klubların yaradılmasına başlandı. Qızlarımız qitəmiqyaslı turnirdə ilk dəfə 2002/2003-cü illər mövsümündə iştirak edib. Həmin vaxt qadın komandaları arasında ölkə çempionatı keçirilmədiyindən, Qadın Futbol Federasiyası UEFA ilə məsləhətləşmələrdən sonra bir neçə turnirdə iştirak etmiş və müvəffəqiyyət qazanmış Bakı “Gömrükçü”sünün UEFA kubokunun ilkin təsnifat mərhələsində çıxış etməsinə şərait yaradıb. Azərbaycan Qafqazda bu turnirdə təmsil olunan ilk ölkə olub.
Azərbaycanda zərif futbolun tarixi…
Azərbaycanda qadın futbolunun ilkin tarixi SSRİ dövrünə təsadüf edir. Bu, həvəskar səviyyədə çıxış edən “Bakılı” komandasıdır. Müstəqil Azərbaycanda isə qadınların ilk çempionatı 2005-ci ildən keçirilməyə başladı. Ancaq bu yarışın ömrü uzun olmayıb. 2007-ci ildə baş tutan çempionatda qanunsuzluqlar aşkarlanıb və yarış ləğv edilib.
Azərbaycan millisi çempionatın həvəskar səviyyədə olmasının acısını 2010-cu ildə yaşayıb. Milli İsveçlə matçda 0:17 hesabıyla uduzub. Bu, tarixə ən böyükhesablı məğlubiyyət kimi yazılıb. Elə həmin il fəaliyyəti uğursuz alındığından Qadın Futbolu Federasiyası ləğv olunub.
Qadınlardan ibarət yığmamızın ilk beynəlxalq oyunu Rumıniyaya qarşı olub. 2006-cı ilin noyabrında baş tutan matç rəqibin 4:1 hesablı qələbəsiylə başa çatıb. Milli tarixinin ən böyükhesablı qələbəsi isə Şimali Makedoniya üzərində qeydə alınıb – 4:0 (2009).
Ümumilikdə ölkəmizdə əvvəllər mentalitetlə bağlı yanaşmalar çox sərt idi. Valideynlər qız uşaqlarını məşqlərə buraxmaq istəmir, onların futbolla məşğul olmasına mane olurdu. Bu səbəbdən sahənin inkişafı bir qədər gec başladı. 2010-cu ilə qədər müxtəlif vaxtlarda millilər yaradılsa da, qeyri-peşəkarlıq və yerli oyunçu qıtlığı sahənin formalaşmasına mane olurdu. Ukrayna və Moldovadan legionerlər gətirilir, onların yaşı süni şəkildə artırılırdı. AFFA “Ədalətli Oyun” qaydalarına görə, saktakarlığın tüğyan etdiyi U-19 millisinin Avropa çempionatında iştirakdan imtinası ilə bağlı 2009-cu ilin dekabrında UEFA-ya məktub ünvanlamışdı..
Bundan sonra qurum üç oyunda (İspaniya, Ukrayna, Kipr) Azərbaycan yığmasına 0:3 hesablı texniki məğlubiyyətin verilməsi, İna Boyko, Toma Besserdeçnaya, Olqa Qazıyeva, Olqa Səfərova, Natalya Suvorovtseva və Anastasiya Rəhmanovanın 2010-cu ilin dekabrınadək ölkədaxili və beynəlxalq oyunlardan diskvalifikasiya edilməsi, AFFA-nın 60 min avro məbləğində cərimə olunması, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının 2010 və 2011-ci ildə keçiriləcək Avropa çempionatı oyunlarından kənarlaşdırılması, eləcə də 2011-ci ildən sonrakı növbəti 3 il sınaq dövrü təyin olunması barədə qərar qəbul edir.
AFFA-nın “Siyasət”i və ilkin inkişaf dönəmi
Azərbaycanda qadın futbolunun inkişaf tarixi 2010-cu ildən sonraya təsadüf edir. 2012-ci ildə U-17 qızların dünya çempionatına Bakının ev sahibliyi etməsi bu sahədə irəliləyişin olmasına təkan verdi. Qrupda keçirilən hər üç oyunda uduzan millinin bu nəticəsi gözlənilən idi. Yeni yaranmış komanda üçün turnir gələcək adına müəyyən təcrübələrin qazanılmasına səbəb oldu. Milli ilk oyunda Kolumbiyaya 0:4, daha sonra Nigeriyaya 0:11, Kanadaya isə 0:1 hesabıyla məğlub olaraq mundialdakı çıxışını başa vurdu.
Həmin vaxt millinin məşqçilər korpusunda olan, hazırda yığmanın baş məşqçisi postunu tutan Siyasət Əsgərovla söhbətləşdik. 12 ilə yaxındır, yığmada çalışan mütəxəssis Azərbaycanın qadınlardan ibarət milli komandanın inkişaf yolu haqda bunları dedi:
“Azərbaycanda qadın futbolu yeni inkişaf mərhələsinə 2010-cu ildən başlayıb. Biz 2012-ci ildə dünya çempionatına ev sahibliyi etdik. Bu hadisə ilə ölkəmizdə qadın futbolunda yeni dönəm başladı. Həmin vaxt yığmaya Silviya Rayt başçılıq edirdi. Düzdür, o vaxtlar bizdə çox çətinlik var idi. Ümumiyyətlə, liqa deyilən şey yox idi. İlk olaraq çempionat qurmağa başladıq. Minimum 8, maksimum 10 komandalı turnir istəyirdik. Nəhayət, 10 klubun iştirak edəcəyi çempionatın əsasını qoyduq. Burada regionlardan təmsilçilər var idi. Daha sonra bu çempionatın əsasında U-15 millisi quruldu. Orada iştirak edən oyunçular 2 ilə böyüməli və U-17-lərin dünya çempionatında çıxış etməli idilər. Liqa yoxdursa, qadın futbolunun inkişafından söz gedə bilməzdi. Belə halda, milli qurmaq çətin idi. Əvvəlcə seleksiya günlərinə başladıq. Nəinki futbol oynaya bilən, ümumilikdə ölkə üzrə idman bacarığı olan qızlar axtarmağa başladıq. Doğrudan da, bizim üçün çox çətin idi. Tək-tük qızlar tapır, sonra valideynləri ilə danışırdıq. Valideynlər qızların futbol oynamasını istəmirdi. Bu da bir çətinlik idi və bunu aşmağa çalışırdıq. Şükürlər olsun ki, 10 komandalı liqanın, U-15 millisinin təməlini qurduq. Bu yığma 2 ildən sonra dünya çempionatının iştirakçısı oldu. Həqiqətən, biz 2010-cu ildə gördüyümüz işlərin bəhrəsini görürük. Çünki hazırda əsas yığmada oynayanların bəziləri həmin vaxt komandaya cəlb olunanlardır. Buna görə çox sevinirik. Qadın futbolunu daha yaxşı yerlərə gətirəcəyimizə inanırıq. 2010-cu ildə 10 komanda ilə başlamışdıqsa, indi Yüksək Liqamızda 8, U-17 çempionatımızda 11 komanda var və bizim kiçik yaş liqalarımız da sentyabrdan start götürəcək. Burada da 20-dən çox klub olacaq. Çalışırıq ki, aşağı yaşlarda kütləni artıraq, bacarıqlı qızları önə çıxaraq”.
Xarici KİV-lərin iddiasına görə, qadın komandaları olmayan futbol klubları 2023/2024 mövsümündən UEFA Çempionlar Liqasına buraxılmayacaq. Artıq bir çox ölkələrdə qızlar arasında çempionatlar təşkil edilir, klubların nəzdində qadın komandaları yaradılır. Azərbaycanda da bu prosesin start götürdüyünü söyləyə bilərik. Premyer Liqada çıxış edən bir neçə klubun nəzdində qadın komandaları yaradılıb və Yüksək Liqaya qoşulub.
AFFA da öz növbəsində ölkəmizdə qadın futbolunun inkişafı üçün çalışır, lazım olan şəraitin təmin edilməsi üçün əlindən gələni edir.
Həmsöhbətimiz Siyasət Əsgərov assosiasiya tərəfindən klublara lazım olan inventarın, maliyyənin verildiyini qeyd edib:
“Bəzi klublarımız var ki, onların nəzdində qadın komandaları mövcuddur. Bunlar da sayladır. Bütün liqanı, məşqçiləri federasiya öz öhdəliyinə götürüb. Hər şeyi onlar təşkil edir. İnventara qədər problemləri yoluna qoyurlar. Stadion, nəqliyyat xərcləri, məşqçilərin əmək haqqısını federasiya təşkil edir. Həqiqətən çətindir, lakin istəyirik ki, qadın futbolunda inkişaf edək, yaxşı yerlərə çıxaq. Bütün klubların qadın komandaları olması əhəmiyyətlidir. Necə ki, akademiyalarda oğlanlar arasında aşağı yaş kateqoriyalarında liqalar var, eləcə də qızlarda belə olmalıdır. Bu, ölkədə qadın futbolunun inkişafına böyük təkan verər. Bildiyimiz kimi, qonşu ölkələrdə artıq buna başlanılıb. Demək olar bütün klubların qız komandaları yaradılıb, çempionatlar qurulub”.
Bu qızlar nə üçün Azərbaycanda oynamır?
Mütəxəssislə müzakirələrdə artıq Azərbaycanda qızların futbola olan marağının artıdığını, bu sahədə inkişafın gözə çarpan olduğunu görmək mümkündür. Siyasət bəy millinin perspektivlərindən danışarkən, yığma üzvlərinin əksəriyyətinin ölkə xaricində çıxış etməsi faktoruna da toxundu:
“Qadın futbolunun inkişaf dönəmi başlayandan millidə məşqçilər korpusunda olmuşam. İlk olaraq Silviya Raytın köməkçisi olmuşam və indiyə qədər də millidə çalışıram. 12 ildə olan bütün inkişaf gözümün qabağındadır. Həqiqətən, irəliləyiş var. Əsas məsələ liqaların, komanda saylarının artmasıdır. Biz U-15 millisiylə başlamışdıq, indi U-17, U-19 və əsas milli komandamız var. Bu da sevindirici haldır. Yavaş-yavaş artıraraq irəliləyirik. Bundan başqa, millidə yer alan oyunçularımızın çoxu legioner həyatı yaşayırlar. Rusiyada, Türkiyədə, Qazaxıstanda, İslandiyada olan futbolçularımız olub. Mərhələ-mərhələyə bu yerlərə gəlmişik. Sual ola bilər ki, bu qızlar nə üçün Azərbaycanda oynamır? Qadın futbolunun inkişafında yeni addımlar atdığımız üçün liqalarımız çox güclü deyil. Çalışırıq ki, Yüksək Liqanı qonşu ölkələrdəki səviyyəyə çatdıraq. Biz çempionatı quranda belə məsləhət oldu ki, əsas yığmada olan qızları yaxın qonşu olan ölkələrə yollayaq. Onlar yığmaya daha hazırlıqlı və təcrübəli gəlirlər. Biz 2 tsikl oynamışıq. Komandada olan qızların yanaşmaları, məşq prosesləri, oyunda göstərdikləri xarakter, istək yaxşıya doğru gedir, böyük dəyişikliklər var. İstəyirik ki, bunu inkişaf etdirək. Bu ərəfələrdə 2 oyunumuz oldu. Məğlub olsaq da, yaxşı oynamışdıq. Bosniya və Herseqovina ilə matçda son dəqiqədə diqqətsizlikdə qol buraxdıq. Qələbə qazana bilərdik. Qızlarımız çox yaxşı oynamışdı. Danimarka ilə matçda da pis çıxış etmədik. Bu komandanın gücü hamıya bəllidir. Komanda bu matçda çox xoşuma gəldi. Millimiz yaxşıya doğru gedir. Danimarkaya qarşı oyunda qorxmadılar, çəkinmədilər. Dönüb arxaya baxanda nə qədər inkişaf olduğunu görə bilərik. Önümüzdəki illərdə klublarımız da qadın futbolunu dəstəkləsələr, komandalara nəzarət etsələr, yaxın illərdə qadın futbolunda yaxşı nailiyyətlər qazanarıq”.
Azərbaycanda qızların futbola olan yanaşması güclü cinsin nümayəndələri tərəfindən qeyri-adi qəbul edilir: “Qız nədir, futbol nədir?!”. İstər-istəməz fiziki baxımdan kişilərdən geridə qalan qadın oyunçuların meydanda güc mübarizəsi elə də istənilən səviyyədə olmur. Yüksək Liqada çıxış edən “Xırdalan” komandasının baş məşqçisi Mehdi İbrahimov onunla söhbətimizdə qızlarda əsas problem kimi güclə yanaşı, istedadın da lazımi səviyyədə olmadığını bildirdi. Komandası çempionatda 3-cü pillədə qərarlaşan çalışdırıcı qızlarla işləməyin çətinliklərindən bəhs edib:
“Şəraitlə bağlı problem yoxdur. Klublara AFFA nəzarət edir. Yaxın illərdə komandaların Premyer Liqa klublarının tabeliyinə veriləcəyi gözlənilir. Biz əvvəllər seçimləri orta məktəblərdə edirdik. Ötən illərə nisbətən artıq qızlarda futbola maraq artıb və onlar öz istəkləri ilə komandalara müraciət edirlər. Bu, sevindirici haldır. İşimiz bir qədər asanlaşıb. Düzdür, kəmiyyət artır, amma keyfiyyət istənilən səviyyədə deyil. Bacarıqlı qızlarımız azdır və onlar üzərində çox çalışmalı oluruq. Oğlanlardan fərqli olaraq istedadlı qızların sayı çox deyil. Biz məşqlərə dəvət etdiklərimizi yoxlayır, onlar arasında uyğun olanları seçirik. Buna baxmayaraq, kəmiyyət də, keyfiyyət də ötən illərə nisbətdə daha yaxşıdır”.
Yekun
Azərbaycanda qadın futboluna olan marağın artması sevindirici haldır. Millimiz UEFA və FIFA tərəfindən təşkil olunan beynəlxalq yarışlarda iştirak edir. Lakin Avropa və dünya çempionatının seçmə mərhələlərində yarışan yığmamız hələ ciddi bir nailiyyətə imza atmayıb. Azəbaycanda sadəcə qadın futbolunun mövcudluğu lazımdırsa, mövcud mənzərəni qənaətbəxş saymaq olar, lakin yatırımlar və görülən işin miqyası fonunda nəticələrin qazanılması da labüddür. Bunun üçün isə görüləcək işlər hələ çoxdur.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu