“Qarabağ” 2023/24 mövsümünü “qızıl dubl”la başa vurdu. “Atlılar” əvvəlcə Premyer Liqanı, daha sonra ölkə kubokunu qazandı. Bu, klub tarixinə altıncı “qızıl dubl” kimi düşdü.
İlin əvvəlinə qayıtsaq, əsas heyət oyunçularının klubu tərk etməsiylə komandada eniş olacağı, “Qarabağ”ın çempionluğu çətin qazanacağı deyilirdi. Çempionlar Liqasında Polşa “Rakuv”una məğlubiyyət və turnirlə vidalaşmaq komandanın ünvanına tənqidləri artırmışdı. Bunlar fonunda uğursuzluq gözləyən az deyildi.
Lakin… çempionatın başlamasından demək olar, bir ay sonra komanda dirçəldi, tənqidləri, iddiaları alt-üst etdi. Daha yaxşı forma yığan “Qarabağ” əvvəlcə Avropa Liqasının qrup mərhələsinə düşdü, çempionatda isə zirvəni ələ aldı. Qış fasiləsinə qədər uğurlu çıxış edən Qurban Qurbanovun komandası tarixində ilk dəfə Avroliqada qrupdan çıxdı. Bu az deyilmiş kimi, pley-off mərhələsində Portuqaliya “nəhəng”lərindən olan “Braqa”nı məğlub etməyi bacaran “atlılar” artıq Avropaya səs sala bildi. “Braqa” zəfəri dünyanın hər yerində manşetlərdə əksini tapırdı. Artıq hər kəs “Qarabağ”dan, uğurlarından bəhs edirdi. Növbəti rəqib isə finala qədər məğlubiyyətsiz irəliləyəcək olan “Bayer” idi. Hər iki matçda almanlara ciddi müqavimət göstərən “Qarabağ” yaxşı mübarizə aparsa da, təcrübə və keyfiyyət fərqi ön plana çıxdı.
“Qarabağ” bu mövsüm Azərbaycan futbolunda yeni tarix yazdı. Çempionatın bitməsinə 8 tur qalmış qızıl medalları təmin edən “atlılar” ölkə futbolu tarixində ilkə imza atdı. “Qarabağ”a qədər təmsilçilərimizdən Avropa Liqasında 1/8 finala da yüksələn olmamışdı. Bu da tarix oldu.
Kifayət qədər uğurlu mövsüm keçirən “Qarabağ” mövsümü “qızıl dubl”la tamamlayaraq maksimumu bacardı. İndi onları qarşıda daha çətin period gözləyir. Uğurlu Avropa mövsümündən sonra əsas heyətin demək olar, yarısından çoxuna yaxşı təkliflər var. Yarımmüdafiənin “beyni” Marko Yankoviç, orta xətti “dağıdan” Julio Romao, çempionatın bombardiri Olavio Juninyo, müdafiədə Toral Bayramov kimi oyunçulara kifayət qədər maraq var. Son illərin ən yaxşı legionerlərindən Abdullah Zubirin də taleyi sual altındadır.
Çempionlar Liqasında yeni format tətbiq olunacaq və II təsnifatdan yarışa qoşulacaq “Qarabağ”ı əvvəlki illərə nisbətdə daha çətin rəqiblər gözləyəcək. İndi istirahət vaxtıdır və uğurlu mövsümdən sonra “qızıl dubl”lu son klubda çalışan, əməyi olan hər kəsin alqış almasına səbəbdir.
Kamil Əhməd