“Zirə” Avropa Liqasının I təsnifat mərhələsində Moldova “Şerif”ini keçə bilmədi. “Qartallar” ilk oyunda qələbə qazanmasına baxmayaraq, cavab görüşündə əsas vaxtı rəqibin öndə bitməsinə görə (1:0, 1:2, penaltilər – 4:5 keçirilən penaltilər seriyasında uduzan tərəf oldu.
Veteran futbolçu Aslan Kərimov “FutbolPress“ə açıqlamasında “Zirə”nin məğlubiyyətini şərh etdi:
“Nəticəyə görə çox məyus oldum. Matça yaxşı başladıq, üstünlük bizdə idi. “Şerif” kimi güclü komandanın demək olar, əlini-qolunu bağlamış “Zirə” gördük. İlk qolu da vura bildik. Bundan sonra düzü, tam əmin idim ki, “Zirə” keçəcək. Düzdür, matçdan əvvəl bildirmişdim ki, Bakıdakı oyun çətin olacaq, şanslar bərabərdir. Amma dünən qırmızı vərəqəyə qədər “Zirə”nin mərhələ adlayacağını düşünürdüm”.
Mütəxəssis oyunun ilk hissəsində rəqibini vurduğu üçün meydandan qovulan Salif Sumanın hərəkətinə də münasibət bildirdi:
“Belə deyək, şüursuz addım oldu. Başa düşürük, oyunçular bəzdən emosiyalara qapılır, nəzarəti itirir. “Zirə”nin futbolçularının təcrübəsizliyindən danışırdıq. Məhz bu cür oyunda belə hərəkət nələrə səbəb oldu, gördük. Əminəm ki, azlıqda qalmasaydılar, 2 və 3-cü qollar da vurulardı. Amma şüursuz atılan addım nəticəni fərqli etdi. Hakimin qərarı da çox sərt idi. Qazaxıstanlı referi də gənc və təcrübəsizdir. Qətiyyətini göstərmək istədi, amma oyunun ruhunu pozdu. “Qırmızı”dan sonra “Zirə”nin şansı çox az idi. “Şerif” kimi komandaya qarşı azlıqda oynamaq çox çətindir”.
Kərimov “Zirə”nin penaltilər seriyasında uduzmasına baxmayaraq, böyük təcrübə qazandığını əlavə etdi:
“Penaltilər seriyası lotoreyadır. Oyunçuları qınamaq olmaz. Bu oyun da “Zirə” üçün təcrübədir. Düşünürəm ki, daxili çempionatda istər “Qarabağ”, istər “Neftçi”, istərsə də “Sabah” üçün baş ağrısına çevriləcək”.
Şahin Cəfərov