Azərbaycan klubları dünən Konfrans Liqasında mübarizəyə start verib. “Sabah” İsrailin “Makkabi” komandasını 3:0, “Zirə” isə Slovakiya təmsilçisi “DAC 1904″ü böyük hesabla – 4:0-la məğlub edib. “Sumqayıt” isə azarkeşləri önündə Macarıstanın “Fehervar” komandasına uduzub – 1:2.
Veteran futbolçu, hazırda Azərbaycanın U-17 yığmasına rəhbərlik edən İlham Yadullayev “FutbolPress“ə açıqlamasında komandaların nəticələrini şərh etdi:
“Klublarımız üçün uğurlu gün oldu. “Sabah” və “Zirə” inamlı qələbə qazandılar. Düzdür, “Sumqayıt” bir az məyus etdi, amma onlar da oyun baxımından özlərini yaxşı göstərə bildilər. İnanıram ki, qırmızı vərəqə olmasaydı, onlar da yaxşı nəticə əldə edərdi. Hakimin belə sərt qərarı oyunun nəticəsinə təsir etdi. Ümumiyyətlə, klublarımız yaxşı futbol sərgilədilər”.
Mütəxəssis “Sabah” və “Zirə”nin şanslarını yüksək qiymətləndirdi, “Sumqayıt”ın isə cavab görüşündə mərhələ adlamaq ehtimalının olduğunu vurğuladı:
“Sabah”ın 3:0 hesablı qələbəsiylə yanaşı, sərgilədikləri futbol da çox yaxşı idi. Göründü ki, rəqibi yaxşı təhlil ediblər. Diqqətli və intizamlı oyun oynadılar. Düşünürəm ki, evdə də eyni səviyyədə oynayacaqlar. “Zirə”yə də inanmıram ki, şansı əldən versin. Düzdür, “Şerif”lə oyunda şansı boşa verdilər, amma bu dəfə belə olacağına inanmıram. “Sumqayıt”da döyüşkən kollektiv var. Hələ heç nə bitməyib. Düşünürəm ki, cavab görüşündə yaxşı mübarizə aparacaqlar. Bu cütün taleyi də hələ dəqiq deyil. Oyunun əlavə vaxta getməsi, penaltilər seriyasının olması da mümkündür. Hər şey cavab görüşündə dəqiqləşəcək”.
Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları iyulun 31-də və avqustun 1-də olacaq. “Sumqayıt” 31-də, “Sabah” və “Zirə” isə bir gün sonra meydana çıxacaq.
Şahin Cəfərov