“Sabah” Azərbaycan Premyer Liqasında son 8 oyunda qələbə qazana bilməyib.
Futbolpress.az-ın məlumatına görə, “bayquşlar” bu görüşlərdə 3 dəfə uduzub, 5 matç isə heç-heçə başa çatıb. Komanda ümumiyyətlə son iki turda xalsız qalıb.
Əvvəlcə azarkeşləri önündə “Kəpəz”ə məğlub olan “Sabah” ötən turda isə “Turan Tovuz”la bacarmayıb.
Ardıcıl xal itkiləri ilə 4-cü pillədəki “Turan Tovuz”dan xeyli aralanan (11 xal) “bayquşlar”ın riyazi olaraq avrokuboklara vəsiqə şansı qalır, ancaq növbəti turda xal itkisi bunun da üstündən xətt çəkəcək.
“Sabah” çempionatda ən çox heç-heçə edən kollektivdir – 15 bərabərlik. 40 qol vuran və eyni sayda buraxan “bayquşlar”da son turlarda əsas problem hücum xəttinin məhsuldarlığının aşağı olması və müdafiədə buraxılan fərdi səhvlərdir.
Mövsümün gedişində baş məşqçi postuna gətirilən Vasili Berezutski işinin öhdəsindən gələ bilmir. Meydanda taktiki baxımdan xüsusi nəsə etməyən, mübaliğəsiz oyunçuların fərdi oyunları hesabına qazanılan xallar “bayquşlar”ı ortada saxlayır. Gedişat Berezutskinin vidalaşacağını göstərir.
Şahin Cəfərov