Qarın üzə çıxardığı problemlər

Azərbaycan futbolunun inkişafına əngəl olan problemlərdən biri də infrastrukturla bağlıdır. Bir çox klub istər akademiya, istərsə də meydançalar sarıdan ciddi problemlərlə üzləşir.

Premyer Liqada mübarizə aparan 10 komandadan “Sabah” və “Neftçi”nin akademiyasından savayı yaxşı nəticələrlə önə çıxan yoxdur. İllərdir ölkə futbolunun Avropadakı nüfuzunu çiyinlərində daşıyan “Qarabağ”ın aşağı yaş qruplarında da vəziyyət əsas komanda səviyyəsində deyil. “Kəpəz”, “Şamaxı”, “Sumqayıt”, “Səbail” kimi elitada qalmaq mübarizəsi aparan kollektivlərin də aşağı yaş qruplarında da vəziyyət ürəkaçan deyil.

Ötən həftə ölkə ərazisində başlayan və bir neçə gün davam edən qarlı hava şəraiti infrastruktur problemlərini bir daha üzə çıxardı. Stadionların isitmə sisteminin olmaması meydançada futbol oynamasına kifayət qədər əngəllərin yaranmasına səbəb oldu. Avropada aşağı liqa klublarında belə stadionların örtüyünün altından quraşdırılan istilik sistemləri qarlı hava şəraiti olsa belə futbol oynanılmasına yaranacaq əngəli aradan qaldırır. Elitada “Zirə”nin “Kəpəz”lə oyunu Zirə İdman Kompleksinin qarla örtülməsi səbəbindən bir gün, daha sonra bir neçə saat təxirə düşdü. Aşağı yaş qrupları üzrə liqalar ümumiyyətlə təxirə salındı. Bölgələrdə keçirilən I, II Liqa matçları da qarın “qurbanı” oldu.

Premyer Liqaya iddialılardan olan “Zaqatala” klubu bu sarıdan daha çox əziyyət çəkən oldu. Bir neçə gün məşq belə etməyə imkan tapmayan bölgə klubu stadionun qardan təmizlənməsi üçün yerli sakinlərdən yardım istədi. Peşəkar klubun stadion təmizləmə problemi yaşaması inkişafı istənilən ölkə futbolunun imicinə zərərdir. Təbiət hadisələrinə hazırlıqsız bir daha özünü nümayiş etdirdi.

Yeni mövsümdə elitada komanda sayının artırılacağı açıqlanıb. I Liqadan üç komanda 2025/26 mövsümündə Premyer Liqada yarışacaq. Komandalar arasında yalnız “Qəbələ”nin infrastrukturu yaxşıdır. Digər iddialılar “Karvan” (Yevlax), “Zaqatala” (Zaqatala), “İmişli” (İmişli) infrastruktur problemi yaşayır. “Karvan” ev oyunlarını ot örtüyü qənaətbəxş olmayan Yevlax şəhər stadionunda keçirir. Arenaya mütləq əl gəzdirilməlidir. Zaqatala Olimpiya İdman Kompleksində matçlarını keçirən “Zaqatala”nın da yaxşı arenaya ehtiyacı var. “İmişli” isə bu komandalara nisbətən arena baxımından daha yaxşıdır. Heydər Əliyev adına İmişli şəhər stadionunun ot örtüyü yenilənib.

Klubların aşağı yaş qrupları üzrə isə komandaları müvafiq yaş kateqoriyaları üzrə deyil. Lisenziya tələblərini qarşılamaq problemdir. Lakin AFFA artıq açıqlama yayaraq, klublara müəyyən güzəştlər ediləcəyi, onlara bir illik möhlət veriləcəyini bildirib. Lakin klubların bu işləri hansı tezlikdə görə biləcəyi sual altındadır. İlk növbədə ehtiyac yaxşı maliyyədir ki, bu da bölgə təmsilçilərində problemli məqamlardandır.

I Liqadan daha aşağı səviyyəli olan II Liqada vəziyyət daha pisdir. Ötən həftə “Kür-Araz” komandası “Şahdağ Qusar”la oyuna gəlməyib. Mövsüm ərzində klubların bölgə səfərlərinə gedə bilməməsi ilə bağlı xəbərlər az çıxmayıb. Klubların əsas problemləri maliyyə dayanıqlarının olmamasıdır. Sponsorların da marağı azdır. Buna əsas səbəb isə investorların futbola kifayət qədər maraq göstərməməsidir.

AFFA ötən ay ölkə futbolunun inkişafı üçün 3 illik İnkişaf Strategiyası hazırlayıb. Sadaladığımız məsələlər yeni layihədə öz əksini tapıb. Bölgələr üçün Regional Futbol Mərkəzinin yaradılması, klubların maliyyə dayanıqlarının artmasına yardım, uşaq futbolunun inkişafı üçün addımlar, infrastruktur məsələləri və s. digər işlər nəzərdə tutulub.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.