“Qarabağ” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstandan “Ludoqorets”lə qarşılaşacaq.
Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədov “FutbolPress”ə açıqlamasında görüşdən gözləntilərini bölüşdü:
“Qarabağ”ın oyununa pozitiv baxıram. İlk oyunda məğlub olmalarına baxmayaraq, səfər oyununun daha asan keçəcəyini düşünürəm. “Ludoqorets” Bakıda qapalı oynadı və əks-hücumlara üstünlük verdi. İndi isə öz arenalarında azarkeş dəstəyi ilə oynayacaqlar və hücum üstünlüyü yaratmağa çalışacaqlar. Bu, “Qarabağ”ın işinə yarayacaq. Düşünürəm ki, “atlılar” hücuma çıxan rəqibinin boşluqlarını tapacaq. “Qarabağ”ın vuracağı erkən qol onları açıq futbola məcbur edəcək”.
Mütəxəssis “Qarabağ”ın mərhələ adlamaq şansını yüksək dəyərləndirdiyini söylədi:
“Qarabağ”ın şansı var. Mərhələ adlamaq gücündədirlər və bunu bacaracaqlarını inanıram. Təmsilçimiz daha əvvəl də belə çətin görüşlərə çıxıb. Yadımıza salaq ki, Macarıstanda “Ferentsvaroş”u necə məğlub etdilər. “Qarabağ”ın şansı var və çətin anlardan çıxmağı bacara bilir”.
Bu gün keçiriləcək “Ludoqorets” – “Qarabağ” oyunu saat 22:00-da başlayacaq. Komandalar arasındakı ilk matçda bolqarlar qələbə qazanıb – 2:1.
Şahin Cəfərov