“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç növbəti dəfə Xorvatiya mətbuatına açıqlama verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo” (Zaqreb) – “Qarabağ” cütü haqda danışıb. Renduliç Xorvatiya klubunun baş məşqçisi Sergey Yakiroviçin onunla əlaqə saxlamadığını deyib:
“Yakiroviç mənə zəng etməyib, ona nəsə deməmişəm. Yakiroviçin öz məşqçilər korpusu, 10 analitiki var. İndiki dövrdə nəyisə gizlətməyə ehtiyac yoxdur. Hamı bir-biri haqda kifayət qədər məlumat toplaya bilir”.
Mütəxəssis görüşün favoritinin “Dinamo” olduğunu söyləyib:
“Pley-offda pis komanda yoxdur. Zaqreblilər favoritdir, amma “Qarabağ” da çox yaxşı komandadır. Hər iki kollektivin keyfiyyətini bilirəm. “Dinamo”da oyunçuların fərdi ustalığı daha yaxşıdır, amma bunu meydanda təsdiqləməli olacaqlar. Kağız üzərində çox şey demək olar, lakin əsas meydançada etdiklərindir. “Qarabağ” bu mövsüm 6-7, “Dinamo” isə 3 oyun keçirib. Bu, bir az “Qarabağ”a üstünlük verir. Eyni zamanda onların yaxşı hücumçuları var. “Ludoqorets”i 7:2 hesabıyla məğlub ediblər və daha çox qol vura bilərdilər. Bunlar diqqətli olmağı tələb edir. “Qarabağ”ın rəqib müdafiəsində xaos yarada biləcək hücumçuları var”.
Bu gün keçiriləcək görüşə saat 23:00-da start veriləcək.