“Qarabağ”ın nailiyyətləri bizi də işimizdə məsuliyyətli olmağa məcbur edir”

FutbolPress“Qarabağ”ın U-15 komandası bu ay Belarusda beynəlxalq turnirdə iştirak edib. Rusiyanın “Zvezda”, “Olimpik” və yerli BATE komandası ilə mübarizə aparan “atlılar” 1/4 finalda “BDU ROEM” komandasına məğlub olub və yekunda turniri 5-ci sırada bitirib.

Yanvarın 26-da komandaya baş məşqçi təyin olunan Vüqar Əsgərli ilk beynəlxalq sınağından yaxşı nəticə ilə dönməyi bacarıb. Mütəxəssis ilə komandanın turnirdəki çıxışından və yarışın faydalarından danışdı:

“Yaxşı oyunlar keçdi. Bu, uşaqlar üçün böyük təcrübə oldu. Beynəlxalq turnir həmişə uşaqlar üçün faydalı olur. Yeni rəqiblər, yeni mühit uşaqların inkişafı üçün vacib faktordur. Həm futbolçu, həm də şəxsiyyət kimi formalaşmaq baxımından belə turnirlər böyük təcrübə olur”.

Mütəxəssis beynəlxalq yarışların uşaqların idmançı və şəxsiyyət kimi formalaşmasında böyük rolu olduğunu qeyd etdi:

“Beynəlxalq yarışların uşaqların inkişafında böyük rol oynayır, insanlar daha çox gəzərsə, daha çox dünyagörüşü olur, yeni mədəniyyətlərlə tanış olur. Necə deyirlər, çox gəzən çox bilər. Belə turnirlərdə iştirak da öz səhvlərini görürlər, peşəkar idmançı kimi formalaşmaqda bu tərəflərin xüsusi rolu var. İndi yenə turnirlərlə bağlı müraciətlər var, inşallah, yayda yenidən getməyi planlaşdırırıq. Uşaq nə qədər çox turnirdə olsa, bir o qədər yaxşıdır”.

Ötən ilin yayında Aftandil Hacıyevin akademiyaya koordinator təyin edilməsindən sonra “Qarabağ”ın aşağı yaş qruplarında məşqçilər heyətində bir sıra dəyişikliklər edilib. Vüqar Əsgərli ilə yanaşı, millimizin sabiq futbolçuları Rəşad Sadiqov, Rauf Əliyev akademiyada işə başlayıb. Bir neçə gün əvvəl isə menecer vəzifəsinə “Qəbələ”dən ayrılan Nail Kərimov təyinat alıb. Vüqar Əsgərli Hacıyevin aşağı yaş qruplarının məşqlərində iştirak etdiyi, tez-tez məşqçilərlə görüş keçirdiyini söylədi:

“Aftandil Hacıyev ilə nəinki tez-tez görüşlər olur. Koordinator kimi hər məşq yanımızdadır,məşqləri izləyir və hər xırda detal haqqında belə müzakirə aparıb, birlikdə çıxış yolları axtarırıq. “Qarabağ”ın əsas komandasının beynəlxalq arenada böyük tarixi nailiyyətləri bizi də işimizdə məsuliyyətli olmağa məcbur edir. “Qarabağ”ın akademiyası olaraq maksimum çalışmalıyıq ki, əsas komandaya mümkün qədər futbolçu verə bilək. Bu, həm maddi, həm də mənəvi cəhətdən böyük dəyərli hissdir”.

“Qarabağ”ın U-15 komandası ötən il öz yaş qrupunda çempionluq yaşayıb. “Atlılar”da xüsusilə bu yaş qrupuna böyük ümidlər var. Əsgərli hazırda komandada çıxış edən oyunçuların potensiallı olduğunu və gələcəkdə Azərbaycan futbolu, milli komanda üçün fayda verəcəklərini söylədi:

“U-15-də işlər qaydasındadır. Düzdür, çempionatda əsas mübarizə 5-6 komanda arasında gedir. Yenə də, ümumi olaraq vəziyyəti qənaətbəxş hesab edirəm. Bura gəlişimdən sonra da birinci matçımızı qalib başa vurmuşuq. Ümumiyyətlə, tək bu yaş qrupunda deyil, digər komandalarda da vəziyyət ürəkaçandır və potensiallı uşaqlar var. İnanıram ki, bu futbolçular gələcəkdə Azərbaycan futbolunda faydalı olacaqlar. Onlar gələcək üçün ümid verirlər”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.