“Qarabağ”ın gücünü gördük və düşünürəm ki, “Dinamo”nu da keçə bilərlər”

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Ludoqorets”i mübarizədən kənarlaşdırıb. “Atlılar” Bakıda rəqibinə 1:2 hesabıyla uduzsa da, cavab görüşündə 7:2 hesablı qələbə qazanaraq pley-off mərhələsinə yüksəlib.

“Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov “FutbolPress”ə açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Möhtəşəm qələbə oldu. Başlanğıc pis alındı, amma əla geridönüş etdilər. İnanırdım ki, “Qarabağ” səfərdən yaxşı nəticə ilə dönəcək. Qurban Qurbanov səhvləri bilirdi və bunu düzəltdilər. Tarixi qələbədir və əsasda ki, geridönüş, komandanın toparlanması əla oldu. Məğlub olduğun anda belə matçda 7:2 hesabıyla qələbə qazanmaq əladır. “Qarabağ” camiəsini təbrik edirəm. Arzu edirəm ki, qrup mərhələsinə vəsiqə qazana bilərlər. “Qarabağ”ın gücü, təcrübəsi var. İnanıram ki, “Dinamo”nu da keçə biləcəklər. “Qarabağ”da rəhbərlikdən tutmuş futbolçuya qədər hamı nə etdiyini yaxşı bilir. Həqiqətən, komanda Azərbaycanın gözüdür. Onlara uğurlar arzu edirəm”.

“Qarabağ” növbəti mərhələdə Zaqreb “Dinamo”su ilə qarşılaşacaq. İsmayılov “atlılar”ın bu rəqibi də keçmək gücündə olduğunu dedi:

“Dinamo” fantastik rəqib deyil. “Qarabağ”ın dişinə görə komandadır. Onlar bir az inkişafda və təcrübədə öndə ola bilərlər. Amma “Qarabağ”ın gücünü gördük və düşünürəm ki, “Dinamo”ya da qalib gələ bilərlər. Bizi qarşıda maraqlı oyunlar gözləyir. “Qarabağ”ın gücünə həmişə inanmışam və yenə də inanıram. Bilirəm ki, yaxşı nəticəylə bizləri sevindirəcəklər”.

“Qarabağ” “Dinamo” ilə ilk oyunu avqustun 20-də səfərdə keçirəcək. Cavab görüşü isə avqustun 28-də Bakıda olacaq.

Şahin Cəfərov