“Qarabağ”ın fiziki baxımdan “Dinamo”dan zəif olduğunu deməmişəm”

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə duellərdən məğlub ayrılıb – 0:2, 0:3.

Veteran futbolçu Aslan Kərimov “FutbolPress“ə açıqlamasında məğlubiyyətlə bağlı fikirlərini bölüşdü:

“Birinci oyunun ssenarisi kimi davam etdi. Oyunöncəsi də “Qarabağ”ın daha öndə olması, qol epizodları yaratması vacib idi. İmkanlar yaratsalar da, qollar vura bilmədilər. Gözlədiyimiz kimi rəqib geridə qaldı və istədikləri əks-hücumlardan qollarını vura bildilər. Rəqib oyunçular ağır idi, sürətli hücum qurmadılar, ancaq əllərinə düşən fürsətləri maksimum dəyərləndirdilər. 0:1-dən sonra artıq hamı çətin olacağını bilirdilər. Buna baxmayaraq, futbolçulara alqış düşür, sona qədər mübarizə apardılar. Rəqibin hücum xəttindəki oyunçuları kifayət qədər təcrübəlidir. Bununla da istədikləri nəticəni əldə etdilər. Amma iki oyun göstərdi ki, “Dinamo”nu keçmək olardı. Bu məğlubiyyətlər “Qarabağ”ın nələr üzərində işləməli olduğunu gördük”.

Dünənki görüşdən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Aslan Kərimovun oyundan əvvəl komandanın ilk matçda yorğun göründüyü fikirlərinə münasibət bildirib və belə hal olmadığını qeyd edib. Kərimov bu məsələyə belə aydınlıq gətirdi:

“Qurban Qurbanov oyundan sonra açıqlamasında bildirdi ki, mən mətbuata onlara yorğun olmaları haqda danışmışam. Hansısa müsahibəmdə “Qarabağ”ın fiziki baxımdan “Dinamo”dan zəif olduğunu deməmişəm. Sadəcə olaraq, Zaqrebdəki matçda oyunun sonlarında mental və fiziki yorğunluq olduğunu qeyd etmişdim. Çünki həmin anlarda komanda geri qayıtmağa çətinlik çəkirdik, fərq daha böyük ola bilərdi. Dönə-dönə demişəm ki, bunu yorğunluqla da əlaqələndirmək olar. Vurğulamağa çalışmışam ki, futbolçular sanki çox qabağa qaçdı və geri qayıtmaqda çətinlik çəkirlər. 0:2-dən sonra futbolçularda ruh düşkünlüyü də ola bilərdi. Düşünürəm ki, kimsə bu haqda Qurbanova deyib. Özü oxusaydı, başa düşərdi. İtkilərə gəlincə, hesab edirəm ki, Marko Veşoviç və Marko Yankoviç olsaydı, bəlkə də, daha yaxşı nəticə əldə etmək olardı. Həm də rotasiya imkanı artardı. Mən zədələrin çox məşqlə və ya nəsə ilə bağlı olduğunu bildirməmişəm. Fikir söyləmişəm ki, onların olmaması itkidir. Eyni zamanda, qaçıb yorğun da ola bilərsən. Yaxşı oynayıb, yorğun ola bilərsən. Yanıla da bilərəm. Sadəcə kənardan bir fikir ortaya sürmüşük. Futboldur bu. Yəni, demişəm ki, bu səviyyədə oynamaq üçün daha çox fiziki məşq etməlisən. Buna əsaslanıb fikir bildirmişəm”.

Şahin Cəfərov