“Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalar noyabrın 15-i gün ərzində Bakıya təşrif buyurub.
Futbolpress.az xəbər verir ki, artıq bütün klub nümayəndələri Bakıdadır. COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansda “atlılar”la yanaşı 10 klub yer alacaq.
Qeyd edək ki, alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.