“Qarabağ”ın baş məşqçisi: “Nəticə tam istədiyimiz kimi deyil”

Əvəzedicilər Liqasında 6 tur geridə qalıb. “Qarabağ”ın ikinci komandası 8 xalla 10 kollektiv arasında 6-cı sırada qərarlaşıb.

Komandanın baş məşqçisi Cavad Mirzəbəyli “FutbolPress“ə açıqlamasında nəticələri şərh etdi:

“Demək olar ki, hər il komandamızı yenidən komplektləşdiririk. Bu il əvvəlki mövsümlərə nisbətən daha gəncləşdirmişik. Mövsüm yeni başlayıb və komandalar arasında çox xal fərq yoxdu. Ümumilikdə, uşaqların çıxışından razıyam”.

“Qarabağ”ın əsas komandası Premyer Liqada dominantlıq edir, avrokuboklarda isə layiqli çıxışı ilə diqqət çəkir. Buna baxmayaraq, son illərdə “atlılar”ın əvəzedici komandası turnir cədvəlinin orta sıralarında möhkəmlənir. Mirzəbəyli bunun səbəbini belə izah etdi:

“Əvəzedicilərin yarışı stabil çempionat deyil. Məsələn, komandalara baxırsınız ki, əsas heyətdən oyunçular əvəzedicilərə cəlb edilir. Buna görə artıq balans pozulmuş olur. Buna baxmayaraq, oyun baxımından problemimiz yoxdur. Nəticə tam istədiyimiz kimi deyil. Bunun səbəbi də çox gənc heyətimizin olmasıdır. Demək olar, uşaqlar böyük rəqiblərlə qarşılaşırlar. Düşünürəm ki, yaxşı gedirik və bu məsələlər də həllini tapacaq”.

Şahin Cəfərov