“Qarabağ”ın avrokubok yolu – oyunların TƏQVİMİ

Avropa Liqasında Liqa mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” “Tottenhem”, “Budo Qlimt”, “Elfsborq” və “Olimpiakos”la səfərdə, “Ayaks”, “Malmö”, “Styaua” və “Lion”la isə Bakıda qarşılaşacaq.

“Ayaks”

İlk oyun Niderlandın “Ayaks” komandası ilə olacaq. Amsterdam təmsilçisi Erediviziyaya yaxşı başlamayıb və 2 oyunda cəmi 1 qələbə qazanıb. Komanda Avropa Liqasında pley-off mərhələsində Polşa çempionu “Yagelloniya”nı iki oyunda məğlub edərək Liqa mərhələsinə yüksəlib.

“Tottenhem”

“Atlılar”ın ikinci oyunu Londonda “Tottenhem”ə qarşı olacaq. İngiltərə təmsilçisi Premyer Liqada mövsümə bir qələbə, bir heç-heçə ilə start verib. Son olaraq “Everton”a 4:0 hesabıyla qalib gələn “Tottenhem” birinci turda “Lester”lə heç-heçə edib.

“Lion”

“Qarabağ”ın növbəti – üçüncü oyunu isə Bakıda “Lion”la olacaq. Fransa təmsilçisi ciddi maliyyə problemləri yaşayır. Mövsümə 2 məğlubiyyətlə başlayan “Lion” əvvəlki gücündə deyil və maliyyə problemləri səbəbindən bir çox oyunçusunu satışa çıxarıb.

“Olimpiakos”

Dördüncü görüş Yunanıstanda “Olimpiakos”a qarşı olacaq. Pirey təmsilçisi ölkə çempionatına uğurlu start verib və 2 turdan sonra 6 xalla 2-ci pillədə qərarlaşıb. “Qarabağ” daha əvvəl2022-ci ildə Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la qarşılaşıb və Bakıda 0:0 hesablı heç-heçə edib, səfərdə isə 3:0 hesablı qələbəyə sevinib.

“Malmö”

“Qarabağ”ın Yunanıstan səfərindən sonra Bakıdakı rəqibi İsveçin “Malmö” klubu olacaq. Komanda yerli çempionatda 20 turdan sonra 45 xalla liderdir və ən yaxın izləyicisi “Yurqorden”i 7 xal qabaqlayır.

“Budo-Qlimt”

“Qarabağ”ın altıncı oyunu Norveçdə “Budo-Qlimt”lə olacaq. Komanda yerli çempionatda 20 turdan sonra 44 xalla birinci pilləni tutur və ən yaxın izləyicisi “Vikinq”i 8 xal qabaqlayır. “Budo-Qlimt” Çempionlar Liqasının pley-off mərhələsində Serbiyanın “Srvena Zvezda” komandasına uduzub və Avropa Liqasına yuvarlanıb.

“Styaua”

Yeddinci görüş Bakıda Rumıniya “Styaua”sına qarşı olacaq. Buxarest təmsilçisi çempionata uğursuz başlayıb. Komanda 6 oyundan sonra 5 xalla 16 komanda arasında 15-cidir. “Styaua” əvvəlki gücündə deyil. Buna baxmayaraq, rumınlar pley-off mərhələsində Avstriyanın LASK komandasını məğlub edib.

“Elfsborq”

“Qarabağ”ın Liqa mərhələsindəki sonuncu görüşü İsveçdə “Elfsborq”a qarşı olacaq. İsveç çempionatında 20 turdan sonra 5-ci sırada qərarlaşan komanda avrokuboklarda uğurlu mövsüm keçirir. “Elfsborq” əvvəlcə Xorvatiyanın “Riyeka”, daha sonra Norveçin “Molde” komandasını mübarizədən kənarlaşdırıb.

“Qarabağ” 8 oyundan sonra toplayacağı xallarla 36 komanda arasında bir sıranı tutacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk 8 sırada yer alsa, birbaşa 1/8 finala yüksələcək. 9-24-cü pillələr arasında bir mövqe tutulsa, komanda pley-off oyunlarına çıxacaq. 24-36-cı yerlər isə Avrokuboklarla vidalaşacaq.

Qrup mərhələsinin ilk oyunları 25/26 sentyabrda olacaq. Digər görüşlərin təqvimi belədir:

25/26 sentyabr – birinci oyun
3 oktyabr – ikinci oyun
24 oktyabr – üçüncü oyun
7 noyabr – dördüncü oyun
28 noyabr – beşinci oyun
12 dekabr – altıncı oyun
23 yanvar – yeddinci oyun
30 yanvar – səkkizinci oyun.

Şahin Cəfərov