“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başlayıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv II təsnifat mərhələsində Cəbəllütariqdə “Linkoln”u məğlub edib – 2:0.
Mövsümün ilk rəsmi matçı “Qarabağ” üçün demək olar, rahat keçdi. Oyunboyu üstün olan “atlılar” həm birinci, həm ikinci hissədə bir neçə real qol şansı yaratmağı da bacardı. Müdafiədə qapanan “Linkoln” bəzi anlarda əks-hücumlardan fərqlənməyə çalışsa da, “Qarabağ”ın müdafiəsinin etibarlı çıxışı onların fərqlənməsinə imkan vermədi.
Yay hazırlığını Avstriyada keçən “Qarabağ” hələ tam idman formasında deyil. Buna baxmayaraq, hücum xəttindəki oyunçuların fərdi bacarıqları nəticənin Azərbaycan təmsilçisinin xeyrinə başa çatmasına səbəb oldu. İkinci hissədə daha çox qapanan “Linkoln”a ikinci qol isə uzaqdan vuruldu.
Mərhələnin keçildiyini demək olar. “Linkoln”a öz meydanında böyük üstünlük quran “Qarabağ” Bakıda da bu rəqibi asanlıqla məğlub etmək gücündədir. “Atlılar”ın yaxşı hazırlıq keçdiyini göründü. Düzdür, bəzi mövqelərdə cüzi səhvlər oldu, amma nəzərə alsaq ki, mövsümün ilk oyunudur, bu, başadüşüləndir.
Mövsümə qələbə ilə başlayan “atlılar”da komanda daxili atmosfer yaxşı səviyyədədir. Növbəti sınaq yenə “Linkoln”a qarşı olacaq və ondan sonra başlayacaq Premyer Liqaya uğurlu start vermək komandanın əsas hədəfidir.