“Qarabağ”dan pley-off əməliyyatı: Razqraddan darmadağınla

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. “Atlılar” III təsnifat mərhələsində Bakıda məğlub olduğu “Ludoqorets”i səfərdə darmadağın edərək, mərhələ adladı.

İlk oyundan sonra “Qarabağ”ın “Ludoqorets” səfərində şansları çox göstərilmirdi. Buna baxmayaraq, “atlılar”a da inanan az deyildi. Komandanın buna qədər avrokuboklarda səfər görüşlərindəki inamlı qələbələri, ötən mövsüm “Braqa” ilə Portuqaliyada 4 qollu zəfəri ümidləri artırırdı.

Razqradda baş tutan görüşdə hesabı “Qarabağ” açsa da, meydan sahibləri iki qol vuraraq, önə keçməyi bacarmışdı. Artıq ümumi hesabda 4:2 üstün olan bolqarların mərhələ adlamaq şansları daha yüksək qiymətləndirilməyə başlamışdı, ancaq… Fasiləyə yaxın ardıcıl qollarla önə keçən “Qarabağ” artıq həm ona inananların, həm də öz inamını qaytardı. İkinci hissədə də üstün olan və hücumda aktiv tərəf kimi çıxış edən “Qarabağ” daha bir qol vurmaqla oyunu əlavə vaxta apardı və burada nə az, nə çox – düz 4 (!) qol vurmaqla, tarixi qələbəyə imza atdı.

İlk hissədə müdafiədəki problemlər, penaltinin təyin edilməsi, heyətdə Marko Veşoviç, Marko Yankoviç kimi oyunçuların zədələnməsi planları pozmuşdu. Buna baxmayaraq, “Qarabağ” toparlanmağı bacardı və zədəliləri əvəzedənlər komandanın qol yollarında köməkçisinə çevrildi.

Azərbaycan təmsilçisi indi pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə qarşılaşacaq. Xorvatlar bolqarlara bənzəmir və uzun illərdir, avrokuboklarda daim qruplarda oynayır. Buna baxmayaraq, “Dinamo” əvvəlki gücündə deyil. Yaxşı və ağıllı oyunla mərhələ adlamaq şanslarımız var. “Qarabağ” pley-off mərhələsinə yüksəlməklə Avropa Liqasının qrup mərhələsini təmin edib.

Şahin Cəfərov