“Qarabağ”dan güc nümayişi – “Tofiq Bəhramov”da əlavə motivasiya

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Linkoln”u 5:0 hesabıyla məğlub edib. “Atlılar” iki oyunun nəticəsinə görə Cəbəllütariq təmsilçisini 7 cavabsız qolla üstələyərək mərhələ adlayıb.

Qurban Qurbanovun komandasının “Linkoln”la oyunlarda büdrəyəcəyi ehtimal edilmirdi. Komandalar arasında səviyyə, oyunçu və oyun keyfiyyəti baxımından bütün komponentlərdə üstün tərəf Azərbaycan təmsilçisi idi. Buna baxmayaraq, mövsümün ilk rəsmi oyunları rəqiblərin kimliyindən asılı olmayaraq, çətin keçirdi. Azı bu ilə qədər bunun şahidi olmuşduq. Bu dəfə isə “Qarabağ” növbəti təəccübü yaşatdı. İki matçda da rəqibini asanlıqla məğlub edən, kifayət qədər çox real qol imkanı yaradan “Qarabağ” xoş sözləri ünvanına yağdırmağa başlayıb. Xüsusilə, cavab görüşündə Tofiq Bəhramov adına Respublika stadionuna 30 mindən azarkeşin toplaşması da diqqətdən yayınmadı. “Qarabağ” ilk oyundan demək olar, mərhələnin taleyini həll atsa da, “12-ci adam” tirubanaları doldurmağı bacardı.

Komandanın builki əsas uğuru heyətin qorunması oldu. Ötən mövsümün əsas oyunçularından sayılan Andrey Lunyovun gedişi hiss edilmir. Yeni qolkiper Fabian Buntiç vəzifəsinin öhdəsindən layiqincə gəlir. Onun ehtiyatı kimi heyətə cəlb edilən Şahruddin Məhəmmədəliyev də əsas heyət uğrunda rəqabətdə olacaq və bu, inkişafdan başqa bir şeyə demək olar, səbəb gətirməyəcək.

“Qarabağ”da əsas məqam isə Olaviyo Juninyonun saxlanılmasıdır. Ötən mövsümün bombardiri “Linkoln”la iki görüşdə 4 qol vurub, 1 məhsuldar ötürmə edib. Braziliyalı forvard bir neçə klubun marağına baxmayaraq, “atlılar”da qaldı. Əlavə olaraq, komandanın son illərdəki əsas fiquru Abdullah Zubir də heyətdə saxlanıldı və bu, digər qeyd ediləsi önəmli məqamlardandır.

“Qarabağ” növbəti mərhələdə “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. Komandaların ilk duelində bolqarlar 2:0 hesablı qələbəyə sevinib və cavab görüşündə belarusların bu fərqi aradan qaldırılması inandırıcı görünmür. “Ludoqorets” asan rəqib deyil, buna baxmayaraq, “Qarabağ” yenə cütün favoriti olacaq.

Şahin Cəfərov