I Diviziondan elitaya yüksələnlər – “Turan Tovuz” və “Kəpəz” heyəti tamamilə yenidən formalaşdırıb. Bu da anlaşılandır. Keçən il hətta aşağı liqada çətinlik çəkən komandaların həmin oyunçularla PL-də çıxış etməsi mümkün olmazdı.
İki klub transfer, heyətlə bağlı strategiyasını dəyişib. Bunlar “Şamaxı” və “Sumqayıt”dır. Bölgə klubu tamamilə legionerlərdən imtina edib, bütün əcnəbiləri yola salıbsa, “gənclik şəhəri” təmsilçisi əksinə, tarixində ilk dəfə legioner futbolçu transferləri həyata keçirib.
Bu mövsüm iddialı olmaq istəyən “Səbail” yüksək məvacibli, bahalı futbolçular cəlb edib. “Sabah” isə bir çoxlarına görə çempionluğa oynaya biləcək heyət formalaşdırıb. “Səbail”də nəticələr və iddialar üst-üstə düşmürsə, “Sabah” artıq keyfiyyətini ortaya qoyub.
Ötən mövsümün vitse-çempionu “Neftçi” baş məşqçisini öncə baş məşqçisini, daha sonra heyətin əksəriyyətini dəyişdi. Konfrans Liqasında mübarizə aparanlardan “Zirə”də yeni transferlər gecikdisə, “Qəbələ” heyətin özəyini saxlamaqla bir qədər də güclənməyi bacardı.
Çempionluğa əsas namizəd, Avropada uğurlu çıxış edən “Qarabağ” çoxlu transfer etmədi. Patrik Andradenin yüksək tələblərini qarşılamaq istəməyib, azad agent kimi “Partizan” (Serbiya) getməsinə icazə verən klub İbrahima Vadjini “Sent-Etyen”ə (Fransa) 1,6 milyon avroya satmaqla Azərbaycan futbolunda yeni rekord müəyyənləşdirdi.
Premyer Liqa klublarının transfer fəaliyyəti, yay keçidləri barədə bu sahənin mütəxəssisi, menecer Səbuhi Səfiyarlı ilə söhbətləşdik…
“Qarabağ” çoxdan oyunçu satmalı idi”
– Azərbaycanda yay transfer pəncərəsi adi transfer dönəmi oldu, yoxsa xüsusi qeyd ediləcək məqamlar da var?
– Ümumiyyətlə, yayda böyük transfer pöncərəsi olduğu üçün qışdan fərqli olaraq keçidlərin sayı çox olur. Digər tərəfdən, bu mövsüm Premyer Liqaya iki yeni komanda gəldi. Onlar heyəti formalaşdırmaq üçün çoxlu transferlər etdilər. Bundan başqa, “Sumqayıt” ilk dəfə olaraq legioner götürdü. Ümumən, əvvəlki illərlə müqayisədə böyük bir canlılıq var idi. Mövsüm yeni başladığından hələlik transferləri dəyərləndirmək üçün tezdir. Çünki heç də bütün klublar yeni oyunçuları əvvəldən gətirməyib, son günlərdə də gələnlər oldu. Amma əvvəldən komandaya qoşulub, artıq özünü göstərən futbolçular var. Bu baxımdan “Sabah”ın yeni legionerlərini xüsusi vurğulamaq olar. Komandanı gücləndiriblər və çempionata rəng qatıblar. “Qəbələ”də bizə tanış olmayan bir orta xətt oyunçusu (Fres Abu Akal – red.) istisna olmaqla, digərləri bildiyimiz futbolçular idi. “Neftçi” barədə də ayrıca danışmaq olar. Onlar komandanın oyununu formalaşdıran transferlər etdilər. Yaxşı və ya pis olduğu barədə nəsə demək olmur, çünki hələ qeyri-adi nəticələr qeydə alınmayıb. Ümumi götürdükdə çempionata rəng qatacaq transferlər var.
– Avropa Liqasında yarışan “Qarabağ” daha çox diqqət mərkəzindədir. Bu yay komandanı Patrik Andrade və İbrahima Vadji kimi oyunçular tərk etdi və iki orta xətt oyunçusu gətirildi. Necə fikirləşirsiz, “Qarabağ”da transfer fəaliyyəti bir qədər ləng getmirmi?
– “Qarabağ”ın transfer sistemini tənqid etmək istəmirəm. Orada Qurban Qurbanov və yanındakılar bu işi bildiklərini sübut ediblər. Kimisə gətirə bilmədilərsə, insanlar əmin olmalıdır ki, götürə bilməyiblər və ya əlindəkilərdən güclüsünü tapmayıblar. Mütləq nəsə tutarlı səbəbi var. Qurban Qurbanov özü dedi ki, danışıqlar aparıblar, son anda alınmayanlar olub. Patrik Andradenin şərtləri məlumdur. Bəlkə də, elə getməyi məsləhət idi. Onun istədiyi məbləğ komandada balansı poza bilərdi. Andradenin əvəzinə gətirilən Marko Yankoviç özünü yaxşı göstərir. Bəlkə, hələ Patrik qədər faydalı deyil. Amma çox belə hal görmüşük ki, “Qarabağ”a gələn oyunçular ilk vaxtlar gözləntiləri tam qarşılamasalar da, sonradan aparıcı futbolçuya çevrilə bilirlər. Patrik də ilk gələndə o səviyyədə oynamırdı. İndiki məqamda Julio Romaonun “Qarabağ”ı gücləndirdiyini demək olmaz. Amma onun da sıx qrafikdə oynamaq imkanı olacaq. Tez-tez oynadıqda formaya düşəcək. “Qarabağ”ın transfer fəaliyyətini tənqid etmək üçün tələsmək lazım deyil. Düzdür, Vadji çox böyük itkidir. Amma o da komandaya gələndə azarkeşlər, bəzi mütəxəssislər “Qarabağ”a uyğun olmadığını deyirdilər. Ancaq vaxt keçdikcə yaxşı oyunçu olduğu üzə çıxdı.
– Vadji “Sent-Etyen”ə rekord məbləğə – 1,6 milyon avroya satıldı. Azərbaycan futbolu üçün ciddi hadisədir…
– “Qarabağ” çoxdan oyunçu satmalı idi. Çünki futbolumuzdan bir addım öndədir və digər klublarımız üçün nümunədir. Oyunçu transferindən pul qazanmaq futbolun bir hissəsidirsə, bunu ilk növbədə “Qarabağ”dan gözləməliyik. Düzdür, “Neftçi”nin də satdığı oyunçular var, sadəcə, məbləğ bir qədər aşağı olub. “Qarabağ”dan belə satışları gözləməliyik və bu, futbolumuz üçün müsbət məqamdır. Sabah bir menecer Avropadan futbolçu ilə danışanda bir nümunə gətirə biləcək. Bu, çempionatın imici üçün böyük uğurdur. Əksər futbolçular fikirləşir ki, Azərbaycana gedirsə, artıq karyerasını bitirmək barədə fikirləşir. Bu düşüncəni dəyişmək üçün belə keçidlər vacibdir. Məbləğ də yaxşıdır. Ona görə də sevindim. Bəlkə, “Qarabağ” bir yaxşı oyunçu itirdi. Amma Qurban Qurbanov və ətrafındakı insanların futbol biliyinə inandığım üçün düşünürəm ki, ən doğru qərarı veriblər.
– Vadjinin yerinin doldurulmaması ilə bağlı açıqlamalardan hiss olunur ki, çoxlu cəhdlər olsa da, alınmayıb. Bu sahəyə dərindən bələd biri kimi necə hesab edirsiz: xaricdən Azərbaycana keyfiyyətli oyunçuların gətirilməsində hansı çətinliklər yaşanır?
– Bazarı bildiyim üçün xəbərim var ki, Vadji ola-ola belə, “Qarabağ” hücumçu axtarırdı, danışıq apardığı oyunçular var idi. Orada kimsə gedəndən sonra yeri boş qalmasın deyə, futbolçu transfer etmirlər. İndinin özündə də axtarışlar davam edir, əllərində olandan daha yaxşısını cəlb etməyə çalışırlar. “Qarabağ”la digər klubları bir etmək də olmaz. Klub illərdir, Avropada uğurlu çıxış edir, ölkədə çempionluqlar qazanır. Gələn oyunçu bu məqamları bilir. Kadi Portuqaliya aşağı liqasında çıxış edirdi və bu mövsüm az qala Çempionlar Liqasında qrupa düşəcəkdi. Bu, cəlbedicidir. Bura gəlmək barədə danışanda “Qarabağ”ı bir, digərlərini başqa tərəfə qoymalıyıq. Düzdür, ağdamlıların istədiyi səviyyə, keyfiyyət də üstündür. Ümumən, Azərbaycana gənc oyunçuları cəlb etmək bir qədər problemdir. Çünki bura gələndə inkişafın dayanacağını düşünürlər. Avropaya öyrəşmiş adam üçün Azərbaycana uyğunlaşma problem ola bilər. Gəncə və Tovuz üçün bir neçə oyunçu ilə danışırdıq. Onlar öyrəşiblər ki, hər gün ailə ilə harasa getsinlər, amma tutaq ki, Tovuzda bunu etmək çox çətin və ya mümkünsüzdür. Çempionata, meydançalara, tribunalara, azarkeşlərə – çox şeyə baxırlar. Bu məqamlarda keyfiyyət azaldıqca qiymət qalxır. Bakıda başqa, bölgədə fərqli məbləğə razılaşırlar. Çatışmazlıqlar məvacibin artması ilə nəticələnir. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da qeyd etmişdi ki, dəyərindən artıq pul istəyirlər. Futbolçuları da başa düşmək olar. Bura gələn oyunçu düşünür ki, yenidən Avropaya qayıtmaq istəsəm, qiymətim aşağı olacaq.
“Neftçi”nin heyət planlaması başa düşüləndir, “Sabah” artıq çempionluq mübarizəsinə qoşulub”
– “Neftçi” çoxlu transferlər etsə də, yenə bir çox mütəxəssis və azarkeşlər bu fikirdədir ki, müdafiənin cinahları və hücumameyilli yarımmüdafiəçi ilə bağlı problem var. Sizcə, “Neftçi”də komanda quruculuğu düzgün aparılır?
– Premyer Liqada legioner limiti var deyə, bütün klublar mövsümün əvvəlində yerli futbolçuları oynada biləcəyi mövqelərə baxır, öncə bunu müəyyənləşdirməyə çalışırlar. “Neftçi”də yerlilərdən qapıda Aqil Məmmmədov çıxış edə bilər. Orta xətdə isə Emin Mahmudovla Eddi İsrafilovun yeri təmin olunub. Müdafiədə Azər Salahlı 4-cü yerli kimi çıxış edə bilər. Klublarımızın əksəriyyətində hücum oyunçuları əcnəbilərdir. Yerlilər isə əsasən müdafiənin cinahlarında, dayaq zonasında bölüşdürülür. “Neftçi”də əgər Aqil olmasa, məcburən müdafiənin cinahlarında yerlilər oynamalıdır. Ona görə də ora əcnəbi dəvət etmək uyğun gəlməz. O baxımdan “Neftçi”nin heyət planlaması başadüşüləndir. Gücü irəli xəttə verdilər. Transferlər də əsasən hücuma oldu.
– Mövsümə uğurlu başlayan “Sabah” bu heyətlə “Qarabağ” və “Neftçi”nin çempionluq mübarizəsinə qoşula bilər?
– Məncə, artıq qoşulub. “Sabah”da problem baş məqşçi ilə bağlı idi. Bir neçə uğursuz seçim olmuşdu. Nəhayət, Murad Musayev gəldi və işlər dərhal yoluna düşməyə başladı. Artıq ötən mövsümdən “Sabah” başqa futbol oynayırdı. Bu yay da heyətə əl gəzdirdilər. Həm lazım olan yerli futbolçuları götürdülər, həm də yaxşı əcnəbilər gətirdilər. Komandada yerlilər arasında da, legionerlər arasında da rəqabət yaranıb. Yerli baxımından hətta “Neftçi”dən daha yaxşıdırlar. Bu da imkan verir ki, çempionluq uğrunda mübarizə aparsınlar. Düzdür, “Qarabağ” olan yerdə bu barədə danışmağı çoxu qəbul etmir, ancaq son ana qədər mübarizəni davam etdirmək gücündə komandadır.
“Zirə” transferlərdə çox gecikdi”
– “Sumqayıt” və “Səbail” çoxlu legionerlər gətirdi, ancaq hələlik nəticə əldə edə bilmirlər. Sizcə, bu, zamanla yoluna düşəcək, yoxsa gələn futbolçular istənilən keyfiyyətdə deyillər?
– “Sumqayıt”dan çox “Səbail” barədə danışmaq olar. Çünki bu kluba gələnlər daha diqqətçəkəndir. “Sumqayıt” elə böyük məbləğdə məvacib də ödəmir. O pula gələn oyunçudan yüksək keyfiyyət gözləmək də çətindir. Həmin məbləğə nadir hallarda yaxşı oyunçu gətirmək olar. Buna görə də “Sumqayıt”da səhv etmək ehtimalı daha çoxdur. “Səbail”də isə yüksək məbləğ ödənir. Orada şərait də yaxşıdır. “Səbail”də səhv etmək ehtimalı daha aşağı olmalıdır – tutaq ki, bir oyunçuda. Amma hələ ki, oyunçuların keyfiyyəti barədə dəqiq danışmaq üçün tezdir. Adətən komandalar təlim-məşq toplanışına başlayanda yeni oyunçuların düşərgədə olmasına çalışırlar. Çempionatda III tur gedəndə də “Səbail” transfer edirdi. Əminəm ki, o, keçidlər 100 faiz səhv olacaq. Mövsüm ərzində hamısı oynaya bilməz. “Neftçi” barədə bəhs etdiyimiz planlaşmanı “Səbail”də tam görmək olmur. Bilinmir ki, hansı mövqelər üzrə yerli düşünülür, hansılarda legioner. Qarışıq vəziyyətdir. “Şamaxı”nın gəncləri üzərində qələbə qazana bilməyən komanda barədə iddialı sözlər demək bir qədər ağır gəlir. Transferlərin özündə problem var, ya məsələ gec gəlmələridir – bunu dəqiq deyə bilməsək də, komandanın oyunu düzəlməyib. Üstəlik indi “Səbail” ağır perioda girir. Əsas rəqibləri ilə oyunlarda göstərməlidir ki, daha yaxşıdır. Bu perioddan necə çıxacaqlarından çox şey asılıdır. Əslində yaxşı oyunçunun səviyyəsi də belə məqamda üzə çıxır.
– “Qəbələ” və “Zirə” də avrokubokda yarışdığından hazırlığa erkən başlamışdı. İndi “Qəbələ” üst sıralardadır, “Zirə” isə istədiyi kimi start verməyib…
– “Zirə” transferlərdə çox gecikdi. Rəşad Sadıqov da qeyd etmişdi ki, istədiyi oyunçuları gətirməkdə problem yaşayır. Dəyərindən artıq pul vermək istəmirdilər. Xeyli gecikmə oldu deyə, uyğunlaşma da vaxt aparacaq. Buna görə bir neçə həftə çətin olacaq. Əsas rəqiblərdən “Sabah” və “Neftçi”yə də məğlub oldular. Bunlara transferlərin gecimkəsi səbəb oldu. Bir neçə turdan sonra demək olar ki, “Zirə” avrokuboklara oynayacaq, ya yox. İlk oyunlarda uyğunlaşmamışdılar. “Qəbələ”nin çıxışına isə uğurlu demək olar. Lazım olan legionerləri saxladılar və gedənlərin yerinə daha yaxşı formada olanları gətirdilər. Klubun transfer fəaliyyətinə normal demək olar.
“Sonuncu olmamaq uğrunda mübarizə “Kəpəz”lə “Şamaxı” arasında gedəcək”
– “Turan Tovuz”, “Kəpəz” və “Şamaxı” heyəti başdan qurdu. Mövsümdən öncə əksəriyyət bu 3 klubun sonuncu olmamaq uğrunda yarışacağını gözləyirdi…
– “Turan Tovuz” çox yaxşı komandadır, xal ehtiyatını da artırır. İndiki məqamda “Sumqayıt”dan daha yaxşı futbol oynayırlar. Ayxan Abbasov bəyəndiyim gənc məşqçilərdəndir. İşi ilə “Zirə”də, “Sumqayıt”da komanda yarada bildiyini göstərib, Tovuzda da bunu edir. Yaxşı məşqçi olmaq başqadır, komanda yaratmaq başqa. Elə mütəxəssis var ki, 0-dan komanda qura bilmir, amma hazır komandada yaxşı nəticə verir. Ayxan Abbasov nəticə verə bilən komanda formalaşdırıb. “Turan Tovuz”un ev oyunlarında rəqiblərinə çox çətin olacaq. Orada komandanı izləmişəm. Azarkeş dəstəyi, futbolçuların motivasiyası çox fərqlidir. “Turan Tovuz”un autsayderlər sırasında olacağını düşünmürəm. Hesab edirəm ki, “Sumqayıt”dan daha çox xal yığacaq və daha yaxşı nəticə göstərəcək. Digərlərinə gəlincə, “Kəpəz”in xalı yoxdur, “Şamaxı” da xal toplamaqda çətinlik çəkir. Autsayder olmağa namizəddirlər və bu nəticələrə baxanda görünür. Məncə, mübarizə bu ikisi arasında gedəcək. Səbəblər də var. “Şamaxı” ancaq yerli oyunçular və əsasən gənclərlə mübarizə aparır. Cavid Hüseynov və Vüqar Əsgərlinin işi bir qədər çətindir. Az xal toplansa da, komanda döyüşür, nəsə etmək istəyir. Görünür ki, keyfiyyət aşağı olsa da, döyüşkənlik var. “Kəpəz” isə transferlər də edib. Ancaq artıq çempionat başlayanda Yaşar Vahabzadəni istefaya səslədilər. Vahabzadə getdi, yeni baş məşqçi gələcək və ona da da vaxt lazım olacaq. Bəxtləri də gətirmədi, 5 oyunun 4-nü avrokubokda oynayan, daha hazır komandalara qaşrı keçirdilər. Xal yığa biləcəkləri rəqiblərlə oyunlar qarşıdadır. Bu matçlardan sonra bilinəcək ki, kim nəyə qadirdir. Yeni baş məşqçinin vaxtı da azdır. Transferlər artıq edilib, yeniyə uyğundur, ya yox. Bu da bilinmir. “Kəpəz”də daşlar hələ tam yerinə oturmayıb.
Faiq Tahirov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu