“Qarabağ” Premyer Liqada növbəti qələbəsini qazanıb. “Atlılar” II turda “Kəpəz”i üç cavabsız qolla məğlub edib.
Çempionlar Liqasında III təsnifat mərhələsində Bakıda “Ludoqorets”ə məğlub olan “Qarabağ”da bu görüşə daha az şans qazanan futbolçuların çoxluq təşkil etdiyi heyət meydana çıxmışdı. Hücum xəttində Redon Cica, Hamidu Keyta aktivliyi ilə seçilənlər oldu. Yarımmüdafiədə mövqe tutan Aleksey İsayev bir neçə dəfə yaxşı ötürmə ilə komanda yoldaşlarını qol epizoduna çıxarsa da, son zərbələrdə dəqiqlik çatmadı. Ələlxüsus da Cica. Alban forvard nə qədər çalışsa da, fərqlənə bilmədi.
İlk hissəsi qolsuz başa çatan oyunun əsas qəhrəmanlarından biri “Kəpəz”in qapıçısı Rojerio oldu. Qolkiper zədələnənə qədər komandasını real qol şansından xilas etdi.
İkinci hissə isə “Qarabağ”ın qolu ilə başladı. 48-ci dəqiqədə səhnəyə çıxan Riçard Almeyda mövsümdəki ilk qolunu vurdu və növbəti qolların qapısını araladı. Abdullah Zubir, Juninyo, Yassin Benzianın oyuna daxil olmasından sonra hücum gücünü daha artıran “atlılar” daha iki qol vuraraq, inamlı qələbə qazandı.
“Ludoqorets”lə oyunöncəsi “Kəpəz”lə görüş bir növ hazırlıq xarakteri daşıdı. Ehtiyat qüvvə ilə görüşə başlayan “Qarabağ” ilk hissədə də pis təsir bağışlamadı, sadəcə son zərbələrdəki uğursuzluq və rəqibin qolkiperlərinin etibarlı oyunu hesabın açılmamasına səbəb oldu.
“Qarabağ” ikinci qələbəsini qazandı, “Kəpəz” isə ikinci məğlubiyyətini aldı. “Atlılar”ın qapısında hansısa təhlükə yarada bilməyən gəncəlilər üçün mövsümün qalan hissəsi daha çətin keçəcək. 0:3 hesablı məğlubiyyətin ağrılı tərəflərindən biri də hücuma çıxa bilməməkdir. “Sarı-göylər” ötən mövsüm bu arenada bir xal qazana bilmişdi, ancaq bu dəfə xal bir yana, demək olar, bir hücum belə edə bilmədi. Heyətin hələ komplektləşməməsi, yeni gələnlərin uyğunlaşma problemi əsas çatışmazlıqlardandır. “Kəpəz”i növbəti turda “Turan Tovuz”la ev oyunu gözləyir. “Qərb derbisi”ndə yaşanacaq mümkün məğlubiyyət komanda daxili atmosferi daha pisləşdirəcək.
Şahin Cəfərov