“Qarabağ”, “Zirə”, “Araz-Naxçıvan”…

Azərbaycan Premyer Liqasında 10 turdan sonra ev oyunlarında ən yaxşı nəticə göstərən komanda “Qarabağ”dır.

FutbolPress“in məlumatına görə, Qurban Qurbanovun yetirmələri 5 ev oyununda 4 qələbə qazanıb, 1 dəfə uduzub. Yeganə məğlubiyyət “Turan Tovuz”la matçda qeydə alınıb. “Qarabağ” doğma azarkeşləri önündə 12 qol vurub, 4-nü buraxıb. Komandanın ev oyununda topladığı xal 12-dir.

Bu göstəricidə ikinci pillədə “Zirə” yer alıb. “Qartallar” 6 ev matçında 3 qələbə qazanıb, 1 heç-heçə edib, 2 dəfə uduzub. Qolların nisbəti 11-6-dır.

“Üçlüy”ü “Araz-Naxçıvan” tamamlayır. Mövsümün sürprizlərindən olan komanda 5 ev oyununda 3 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə də uduzub. Komandanın qol nisbəti bərabərdir – 7:7.

10 turdan sonra ev oyunları statistikasında ən aşağı göstərici “Kəpəz”dədir. Gəncə şəhər stadionunda yenidənqurma işləri səbəbindən rəqiblərini Tovuzda qəbul edən “sarı-göylər” 5 oyunda cəmi 1 qələbə qazanıb, 4 dəfə uduzub. Komandanın qol nisbəti 6-16-dır.

Premyer Liqada 10 turdan sonra “Qarabağ” birinci sıradadır. Ehtiyatda bir matçı da olan “atlılar” 24 xalla zirvədədir. “Turan Tovuz” 21 xalla ikinci, “Araz-Naxçıvan” isə 20 xalla üçüncü pilləni tutub. Autsayder isə 3 xalla “Kəpəz”dir.

Kamil Əhməd