“Qarabağ”, “Zirə”, “Turan Tovuz”…

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümündə ev oyunlarında ən çox qələbə qazanan komanda məlum olub.

Futbolpress.az xəbər verir ki, çempion “Qarabağ” azarkeşləri önündə 18 matçda 15 qələbə qazanıb, 2 dəfə uduzub. “Atlılar”ın bir görüşü isə “sülh”lə başa çatıb.

Ev oyunları statistikasında ikinci pillədə “Zirə” yer alıb. Mövsümün gümüş medallarını qazanan “qartallar” 18 ev matçında 11 dəfə qələbəyə sevinib, 4 dəfə məğlubiyyətə üzülüb.

Bu göstəricidə “üçlüy”ü “Turan Tovuz” tamamlayır. Komanda 18 matçın 8-də qələbə qazanıb, 5-də uduzub.

Autsayder “Səbail” ev oyunlarında ən çox məğlub olan kollektivdir. Liqanı sonuncu bitirən “dənizçilər” “ASCO Arena”da cəmi 3 qələbə qazanıb, 10 dəfə uduzub.

Ev oyunlarında ən çox qol buraxan komanda “Kəpəz”dir. Gəncə stadionunun təmiri ilə bağlı matçlarını Tovuzda keçirən “sarı-göylər” nominal ev sahibi kimi çıxdığı 18 matçda 29 qol buraxıb. Evində ən çox qol vuran isə 47 qolla “Qarabağ”dır.

Şahin Cəfərov