Azərbaycan Premyer Liqasında 29 turdan sonra ev oyunlarında ən yaxşı nəticə göstərən komanda “Qarabağ”dır.
Futbolpress.az-ın məlumatına görə, 70 xalla şəriksiz lider olan “atlılar” 14 ev matçında 11 qələbə qazanıb, 2 dəfə uduzub. Komanda bu görüşlərdə 37 qol vurub, 9-nu buraxıb. “Qarabağ” xallarının demək olar, yarısını – 34-nü ev matçlarında toplayıb.
İkinci pillənin sahibi “Zirə” ev oyunları statistikasında da ikincidir. “Qarabağ”dan geri qalan Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 15 görüşdə 9 qələbə qazanıb, 4 dəfə uduzub. Komanda bu matçlarda 26 qol vurub, 12-ni buraxıb.
“Üçlüy”ü turnir cədvəlindəki sıraya uyğun olaraq “Araz-Naxçıvan” tamamlayır. Naxçıvandakı stadionun yararsız olması səbəbindən ev oyunlarını Bakıda – “Liv Bona Dea Arena”da keçirən naxçıvanlılar 15 görüşdə 7 qələbə qazanıb, 3 dəfə uduzub. Qolların nisbəti 16:14-dür.
Autsayder “Səbail” sözügedən göstəricidə də sonuncudur. 14 matçda yalnız 3 qələbə qazanan “dənizçilər” 7 dəfə uduzub. Qolların nisbəti 12:17-dir.
Ev oyunlarında ən çox qol buraxan (28) komanda “Kəpəz”, ən çox heç-heçə edən (9) “Sabah”dır.
Şahin Cəfərov