“Qarabağ” uğursuz seriyaya son qoya bilər

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində bu gün Xorvatiyanın “Dinamo” komandası ilə qarşılaşacaq. Matça saat 23:00-da start veriləcək.

Bu, Azərbaycan təmsilçilərinin rəsmi oyunlarda Zaqreb komandası ilə 5-ci sınağı olacaq. Buna qədər “Neftçi” və “Xəzər Lənkəran” “Dinamo”ya Çempionlar Liqasında rəqib olub, ancaq heç biri mərhələ adlaya bilməyib.

Hər iki təmsilçimiz Azərbaycanda zaqreblilərlə heç-heçə etsə də, səfərdə məğlub olublar. “Neftçi” Xorvatiyada “Dinamo”ya 0:3, “Xəzər Lənkəran” isə 1:3 hesabıyla uduzub.

“Qarabağ” isə tarixində ilk dəfə avrokuboklarda xorvatlarla qarşılaşacaq. “Atlılar” buna qədər 2015-ci ildə “Hayduk Split” ilə yoldaşlıq oyununda üz-üzə gəlmiş və məğlub olmuşdu – 1:3. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu yay təlim-məşq toplaşınında Xorvatiyanın “Slaven” komandasını minimal hesabla məğlub edib – 1:0.

Ümumiyyətlə, Azərbaycan klublarının Xorvatiya səfərində hələ qələbəsi yoxdur.

Kamil Əhməd