“Qarabağ” üçün fürsət oyunu

Bu gün Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış oyun keçiriləcək.

Lider “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olacaq. “Atlılar” ötən turda “Sumqayıt”ı beş cavabsız qolla məğlub edərək birinci pilləyə yüksəlib. Qurban Qurbanovun yetirmələri bu görüşdə qazanılacaq qələbə sayəsində ikinci pillədəki “Araz-Naxçıvan”la fərqi 5 xala yüksəldəcək. Qələbə həm də “Qarabağ”ı I dövrənin çempionu edəcək.

“Şamaxı”da isə işlər qaydasında getmir. Komanda çempionatda son 5 oyunda 2 heç-heçə edib, 3 dəfə uduzub. Ayxan Abbasovun kollektivində əsas problem heyətlə bağlıdır. Bir müddət əvvəl müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Giorgi Kantariyanı göndərən “şirlər”də üstünlük gənclərə verilməkdədir. Hər bir halda, elitada qalmaq üçün qazanılacaq hər xal önəmlidir. “Şamaxı” autsayder “Səbail”dən 5 xal öndədir və qismən rahatlıq var. “Qarabağ”la oyunda qazanılacaq xal və ya xallar bölgə klubunun durumunu nisbətən də yaxşılaşdıracaq.

Komandalar arasındakı son oyunda “Qarabağ” 3:0 hesablı qələbə qazanıb. “Şamaxı” ümumiyyətlə 20 oyundur, “atlılar”a qalib gələ bilmir.

Şahin Cəfərov