Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün qış çempionu müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, “Qarabağ” 2024-cü ilin son turu ərəfəsində qış fasiləsinə 1-ci yerdə yollanacağını təmin edib.
Bu, III turdan təxirə salınmış “Şamaxı” – “Qarabağ” matçından sonra dəqiqləşib. 1:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri xallarının sayını 44-ə çatdırıblar. Ən yaxın izləyicisi “Araz-Naxçıvan”la xal fərqini 5-ə çatdıran Ağdam klubu ili lider kimi başa vuracaq.
Bununla da “Qarabağ” ardıcıl 4-cü, tarixində 11-ci dəfə qış çempionu olub. Ağdam klubu 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20, 2021/22, 2022/23 və 2023/24 mövsümlərinin ilk hissəsini də zirvədə tamamlayıb. “Neftçi” doqquz (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21), “Kəpəz” (1993/94, 1997/98, 1998/99) və “Şamaxı” (2008/09, 2009/10, 2012/13) hərəyə üç, “Xəzri” (1995/96), “Şəmkir” (1999/2000), “Karvan” (2005/06), “Xəzər Lənkəran” (2006/07) və “Şüvəlan”ın (2007/08) bir belə uğuru var.
Qeyd edək ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib.