Azərbaycan Premyer Liqasında XXXV tura start verilib. Açılış oyununda çempion “Qarabağ” azarkeşləri önündə “Turan Tovuz”u məğlub edib – 4:3.
Çempionatda turlar əvvəl qızıl medalları təmin edən “atlılar” üçün görüş formal xarakter daşıyırdı. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv mövsümün sonuncu ev oyununda çıxmışdı. Mübaliğəsiz, qələbə şərt idi. Ağır və uğurlu mövsümün sonunda evdə fanatları sevindirmək şərt idi. Bir neçə turda xal itkisi ilə üzləşən “atlılar” tovuzlularla görüşdə də sevinən tərəf oldu.
“Turan Tovuz” oyuna yaxşı başlamış, xüsusilə, əks-hücumlarda yaxşı təsir bağışlayırdı. Aleks Souzanın müdafiənin arxasına atılan toplarda effektiv oyunu komanda üçün müsbət məqamlardan idi. Ümumiyyətlə, adıçəkilən forvard Tovuz klubunun ötən yayki transferləri arasında ən uğurlusu oldu. İlk hissədə geri düşən “Turan Tovuz” fasilədən sonra standart vəziyyətlərdə fərqlənərək, önə keçməyi bacardı. Lakin rəqib “Qarabağ”dır və Azərbaycan çempionatının səviyyəsindən üstün olan “atlılar” demək olar, istədiyi oyunu istədiyi vaxt çevirmək, geridönüş etmək iqtidarında idi. Bu dəfə də belə oldu, son dəqiqələrdə vurulan qollar “Qarabağ”a növbəti üç xalı qazandırdı.
“Turan Tovuz” haqda da müsbət məqamlar qeyd edilməlidir. Ayxan Abbasovun komandası bu mövsüm hücumdakı effektivliyi ilə seçilir. Təsadüfi deyil ki, komanda çempion “Qarabağ”dan sonra ən çox qol vuran kollektivdir. Tovuzluların aktivində 52 qol var. “Turan Tovuz”un əsas problemi müdafiədəki boşluqlarla bağlıdır və Abbasov yeni mövsüm üçün ilk növbədə bu problemi aradan qaldırmalıdır.
“Turan Tovuz” çempionatda 35 turdan sonra 42 xalla 6-cı sıradadır. Elitada iddiası olmayan və son turları formal keçirən tovuzlularda artıq yeni mövsümün planlamasına başlanılıb. “Qarabağ” isə çempionluğu təmin etdiyi mövsümdə qələbələrini artırmağa davam edir. Qurbanovun komandası son turda “Araz-Naxçıvan” qonağı olacaq, “Turan Tovuz” isə “Kəpəz”i qəbul edəcək.
Şahin Cəfərov