Azərbaycan Premyer Liqasının startında dörd gün qalıb. Yeni mövsümün açılış oyununda “Araz-Naxçıvan” son çempion “Qarabağ”ı qəbul edəcək. Görüşə saat 20:00-da start veriləcək.
“Qarabağ” artıq bir rəsmi oyun keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqin “Linkoln” komandasını məğlub edib – 2:0. Komandalar arasındakı cavab görüşü sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
“Qarabağ” yay təlim-məşq toplanışını Avstriyada keçirib. Komanda burada 4 yoxlama oyununda qüvvəsini sınayıb. “Atlılar” birinci görüşdə Almaniyanın “Kayzerslautern” komandasına uduzub, digər görüşləri isə qələbə ilə başa vurub:
Slaven Belupo (Xorvatiya) – Qarabağ 0:1
Əl Şabab (Birləşmiş Ərəb Əmirlikləri) – Qarabağ 2:5
Viktoriya (Çexiya) – Qarabağ 0:2
Kayzerslautern (Almaniya) – Qarabağ 3:1.
“Qarabağ” demək olar, yeni mövsümə hazırdır. Komanda “Linkoln”la oyunda yaxşı təsir bağışladı. Baxmayaraq, hələ tam idman forması bərpa edilməyib və bəzi fərdi səhvlər önə çıxmaqdadır. “Araz-Naxçıvan”la oyuna qədər daha bir görüş keçirəcək “Qarabağ” rəqibindən daha hazırlıqlıdır.
Ötən mövsümün sonuna az qalmış Elmar Baxşıyevi baş məşqçi postuna gətirən “Araz-Naxçıvan” yeni mövsümə hazırlığı Türkiyədə keçirib. Komanda burada iki sınaq görüşü keçirib. Super Liqa təmsilçisi “Alanyaspor”la qarşılaşan “Araz-Naxçıvan” 1:1 hesablı nəticə əldə edib. Sonuncu yoxlama oyununda isə Küveytin “Əl Ərəbi” komandası ilə “sülh” qeydə alınıb – 0:0. Keçirdiyi iki sınaq oyununda da qələbə qazana bilməyən “Araz-Naxçıvan”ın yay hazırlığının necə keçdiyini “Qarabağ”la Premyer Liqa matçında görə biləcəyik.
Alanyaspor (Türkiyə) – Araz-Naxçıvan 1:1
Əl Ərəbi (Küveyt) – Araz-Naxçıvan 0:0
“Araz-Naxçıvan” yay toplanışında ən az yoxlama oyunu keçirən komandadır. Komanda demək olar, sirli qutudur və necə olacaqlarını mövsümün əvvəlində daha aydınlaşacaq.