“Qarabağ” fərqi artırdı, mövqelər dəyişdi

Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.

Lider “Qarabağ” mərkəzi oyunda “Neftçi”ni məğlub edib. Autsayder “Qəbələ” azarkeşləri önündə xalsız qalıb, “Zirə” isə “Turan Tovuz”la xalları bölüşüb. “Kəpəz” “Sumqayıt”a, “Sabah” isə “Araz-Naxçıvan”a qalib gəlib.

Sumqayıt – Kəpəz 1:3

Turnir cədvəlinin 9-cu sırasında olan “Kəpəz” çətin səfər görüşündə inamlı qələbə qazanaraq sonuncu “Qəbələ”dən 11 xal aralandı. Gəncə təmsilçisi baş məşqçi Adil Şükürovun gəlişindən sonra nəticələrini yaxşılaşdırmağa davam edir. “Sumqayıt” səfərində favorit göstərilməsə də, gəncəlilər rəqibini məğlub etməyi bacardı. Hər iki hissədə daha gümrah görünən “Kəpəz” bu qələbə sayəsində elitada qalmaq yolunda böyük addım atdı.

“Sumqayıt” isə ardıcıl 4-cü oyunda xal itkisi ilə üzləşdi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda demək olar, boş tribunalar önündə “Kəpəz”lə bacarmayan “kimyaçılar” bu nəticə ilə 2-ci sıradakı yerini itirdi və 4-cü pilləyə yuvarlandı. Samir Abasovun yetirmələri artıq yorulub. Mövsümün gedişində yaxşı performans göstərən “Sumqayıt”da indi yorğunluq daha ön plana çıxır. Vəziyyət o həddədir ki, oyunçular hücum qurmaqda çətinlik çəkir. “Kimyaçılar”ın baş məşqçisi Samir Abasov daha əvvəl heyətin kasad olması səbəbindən çətinliklərlə üzləşəcəklərini bildirmişdi və qorxulan artıq başa gəlib.

Zirə – Turan Tovuz 1:1

Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” ilk hissədən 10 nəfərlə oynadığı matçda çətin də olsa, bir xal qazana bildi. “Turan Tovuz” əvvəlki oyunlarda olduğu kimi erkən qolla rəqibin planlarını poza bildi. Qoldan sonra da irəli atılan tovuzlular ikinci qolu vura bilmədi. “Zirə”nin qapıçısı Tiaqo Silva əla seyvlərlə komandasının xilaskarı oldu. Fasilədən sonra meydan sahibləri penaltidən fərqlənib, hesaba tarazlıq gətirdi. Ümumilikdə, oyunda daha üstün tərəf “Turan Tovuz” oldu. Bölgə təmsilçisi bir neçə real qol şansı yaxalasa da, Tiaqonu keçmək mümkün olmadı. Qolkiper “Zirə”nin bir xal qazanmasında əsas pay sahibi idi.

“Turan Tovuz” məğlubiyyətsizlik seriyasını altı oyuna çatdırdı. Ayxan Abbasovun komandası sürətli hücumlarla “Zirə” müdafiəsini yara bilsə də, qapıçı Silvanı keçmək alınmadı. Buna baxmayaraq, tovuzlular üçün Zirə səfərində qazanılan bir xalı pis nəticə hesab etmək olmaz.

Sabah – Araz-Naxçıvan 2:0

Masazırda baş tutan görüş meydan sahiblərinin üstünlüyü ilə keçdi. “Sabah”a müvəqqəti rəhbərlik edən İqor Ponomaryov əvvəlki görüşlərdən fərqli olaraq bu dəfə Kahim Parris, Xəyal Əliyev, Con İrasabal kimi oyunçuları ehtiyatda saxlamışdı. Matça sürətli başlayan “futuristlər” ilk 15 dəqiqədə bir neçə təhlükəli hücum qura bildi. Birinci yarının sonlarına kimi rəqibi təzyiqdə saxlayan “Sabah” qonaqların qapıçısı Kristian Avramı keçə bilmədi. “Bayquşlar” fasilədən sonra dinamikanı artırdı və vurduğu iki qolla inamlı qələbə qazandı. Qələbə ilə turnir cədvəlinin 5-cisi “Zirə”yə yaxınlaşan “futuristlər” avrokubok yarışına qoşuldu.

“Araz-Naxçıvan”da isə eniş davam edir. “Sabah”la oyunda fərdi səhvlər əsas diqqətçəkən məqam oldu. Bəzi legionerlərin sanki can yandırmaması, hücumlardakı xırda səhvləri komandanın məğlubiyyəti ilə nəticələndi. Azər Bağırovun yetirmələri çempionatda 8-ci pilləyə geriləyib və 9-cu “Kəpəz”dən cəmi 5 xal öndədir.

Qəbələ – Səbail 2:3

Kaxaber Sxadadzenin gəlişindən sonra ikinci oyunu da xalsız başa vuran “Qəbələ”nin elitada qalması çətin görünür. Komanda 9-cu “Kəpəz”dən 11 xal geridədir və qarşıdakı turlarda fərqi aradan qaldırmaq asan olmayacaq. “Səbail”lə görüşdə 30 dəqiqəyə iki qol vuran “qırmızı-qaralar” həm hesab, həm də oyundakı say üstünlüyünü qoruya bilmədi. Bu mövsüm komandanın ən intizamsız oyunçusu olan Lukas Afriko 37-ci dəqiqədə qırmızı vərəqə alaraq “Qəbələ”ni azlıqda qoydu və çətin duruma saldı.

İkinci hissəyə də sürətli başlayan Sxadadzenin yetirmələri qol vurmağa yaxın olsalar da, rəqib qapıçısı Səlahət Ağayevi keçə bilmədilər. Bundan sonra üstünlüyünü artıran “Səbail” meydan sahiblərini böyük təzyiq altına saldı və geridönüşünü reallaşdırdı. “Dənizçilər” 3 qollu qələbə qazanaraq, turnir cədvəlində 2-ci sıraya yüksəldi. Şahin Diniyevin komandası fasilədən sonra say üstünlüyündən və rəqibin təzyiqdən çıxa bilməməsindən maksimum yararlandı.

Neftçi – Qarabağ 1:4

Turun mərkəzi oyununda qonaqlar qələbəyə sevindi. “Qarabağ”ın bir neçə gün sonra Avropa Liqasında “Bayer”lə 1/8 final oyunu var idi və bu səbəbdən çempionat matçına əsas heyətlə çıxmayacağı, gücünü avrokuboka saxlayacağı ehtimal edilirdi. Lakin Qurban Qurbanov əsas heyət üzvlərini meydana buraxdı və “Neftçi” üçün ciddi hazırlaşdıqlarını göstərdi. Oyunboyu daha üstün olan, fasilədən sonra isə demək olar, hər hücumunu qolla tamamlayan “Qarabağ” turu qələbə ilə başa vurdu və ən yaxın izləyicisi “Səbail”dən 23 xal öndədir. Qarşıda 11 tur var və hansısa komandanın bu fərqi aradan qaldırması real görünmür.

“Neftçi”də isə işlər yolunda getmir. Azarkeşləri önündə “Qarabağ”a müqavimət göstərə bilməyən paytaxt təmsilçisi fasilədən sonra 4 qol buraxaraq, xalsız qaldı. İlk hissədə demək olar, təhlükəli hücum yarada bilməyən “Neftçi” fasilədən sonra da ciddi nə iləsə yadda qalmadı. Bir epizodda Yuri Matias təhlükəli oldu, başqa heç nə. Buraxılan qollardan sonra irəli atılan “Neftçi” müdafiədə verilən boşluqların nəticəsində “Qarabağ” kimi sürətli hücumçuları olan komanda qarşısında aciz qaldı.

Derbi adlansa da, komandaların indiki durumu ortadadır. Azərbaycanda hansısa komandanın indiki məqamda “Qarabağ”la başabaş mübarizə aparacaq vəziyyətdə olmadığı reallıqdır. Turnir cədvəlində ən yaxın izləyicisini 23 xal qabaqlayan “atlılar” növbəti çempionluğuna bir addım da yaxınlaşdı.

Şahin Cəfərov