“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Linkoln”u məğlub edib – 2:0.
Azərbaycan yığmasının məşqçisi Arif Əsədov “FutbolPress“ə açıqlamasında “atlılar”ın qələbəsini şərh etdi:
“Oyunöncəsi də “Qarabağ”ın qələbə qazanacağını proqnozlaşdırmaq real idi. Lakin oyunun asan keçməyəcəyini düşünmək olardı. Bunun da səbəbləri var idi. Əvvəlcə meydança amili, hava şəraiti, uzaq yol və s. “Qarabağ” adətən avrokuboklarda ilk oyunlarda çətinlik çəkirdi. Üstünlük təmsilçimizdə olsa da, qol vurmaqda çətinlik yaşanırdı. “Linkoln” “Qarabağ”ı analiz edib, müdafiədən oynamağı seçmişdi. Buna baxmayaraq, təmsilçimiz qol vurduqdan sonra daha rahat oynadı. Düşünürəm ki, “Qarabağ” Bakıda daha rahat oynayacaq. Düzdür, hələ mərhələ keçildi demək olmaz, ancaq 90 faiz bu işin öhdəsindən gəlindi”.
“Qarabağ” ilə “Linkoln” arasındakı cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək.