Niderlandlı futbolçu Raydel Pupon Avropa Liqasının Liqa mərhələsinin III turunda sabah keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, karyerası ərzində hər iki komandada forma geyinmiş vinger Niderland klubunun saytına açıqlamasında bunları deyib:
“Uzun müddət Niderlandda oynadıqdan sonra fərqli şeylərə hazır idim. “Qarabağ”dan təklif gələndə onlar haqda çox bilmirdim. Çempionlar Liqasının seçmə mərhələsində oynayırdılar və getməyimin əsas səbəbi bu idi.
“Qarabağ” Azərbaycanın ən böyük klubudur. Lakin Avropa ilə müqayisədə yerli çempionatları səviyyəcə aşağıdır. Onlar demək olar, hər il asanlıqla çempion olurlar”.
Pupon Azərbaycan mədəniyyətindən və Bakı şəhərindən söz açıb:
“Həyat tərzinə gəlincə, Azərbaycan Türkiyəyə bənzəyir. Bakı gözəl şəhərdir, bir az Dubaya oxşayır. Böyük binalar var, lakin çox isti deyil. Orda insanlar rus və türk dillərində çox danışırlar. Həmişə yanımda tərcüməçi olurdu”.
Niderlandlı oyunçu futbolun Azərbaycanda bir nömrəli idman olduğunu deyib:
“Futbol Azərbaycanda bir nömrəli idman növüdür. Lakin stadionlarda böyük atmosfer yoxdur. Türkiyədəki futbol mədəniyyəti daha çılğındır. Niderlandla müqayisədə gənclərin inkişafına çox diqqət etmirlər. “Qarabağ” Azərbaycanın “Ayaks”ıdır. Premyer Liqada fiziki oyuna üstünlük verirlər. Mənim dövrümdə işləyən Qurban Qurbanov hələ komandadadır. O, klubda böyük fiqurdur.
“Qarabağ” “Ayaks”la oyunda qələbəyə can atacaq. Xüsusən, evdə oynayırlar və azarkeş dəstəyi böyük olacaq. O vaxt komandada çevik oyunçular var idi. İndi məşqçidən başqa kimisə tanımıram, amma hələ də fəlsəfələri eynidir. Bu matçda “Ayaks”dan qələbə gözləyirəm”.
Pupon 2015-ci ilin yayından 2016-cı ilin yanvarına qədər “Qarabağ”da çıxış edib və 15 oyuna 1 qol vurub.
“Qarabağ” – “Ayaks” oyunu saat 20:45-də start götürəcək.