Yarımmüdafiəçi Qara Qarayev “Neftçi”nin əvəzedici komandasına göndərilib. Lakin konkret səbəb hələ məlum deyil.
Komandanın baş məşqçisi Roman Qriqorçuk dünən “Sabah”a (0:2) məğlubiyyətdən sonra heyətdən kənarlaşdırılan Qara haqda bunları söylədi: “Qara yaxşı insan, futbolçudur. Lakin onunla səmimi söhbətimdə demişəm ki, səni əsas heyət oyunçusu kimi görmürəm. Əvəzedici komandaya göndərilməsi isə onunla klub arasında məsələdir, şərh verə bilmərəm”.
Qarayev son illərdə Azərbaycan futbolunda ən yaxşı yarımmüdafiəçilərdən biri kimi hər zaman ön planda olub. Uzun illər “Qarabağ”da top qovan 31 yaşlı futbolçunun “atlılar”ı “Neftçi”yə dəyişməsi ciddi müzakirələrə yol açmış, futbolçu ciddi tənqidlərlə üzləşmişdi. Buna baxmayaraq, Qara peşəkar olduğunu göstərmiş və futbolunu oynamağa davam etmişdi. Məhz istəyi də daha çox oynamaq idi.
Qara 2023-cü ilin yayından “Neftçi”də forma geyinir. O, ötən mövsümdə 28 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Bu mövsüm şans qazanmayan Qarayevin yaxın zamanda klubu tərk edəcəyi ehtimal edilir.
Hazırda oynayan oyunçular arasında millidə ən çox matç keçirənlərdən olan Qarayevin düşdüyü situasiya gözlənilməzdir. Qriqorçukun hansı göstəricilərə görə Qaranı əsas heyətdə görməməsi də əlavə maraq doğurur. Baş məşqçi onu əsas oyunçu kimi görmürsə, ehtiyatda gözlətsin, klub nə üçün əvəzedici komandaya göndərilib? Suallar çoxdur, yəqin, məsələ qısa zamanda daha aydınlanar.
Kamil Əhməd