“Qalatasaray”ın sabiq idman direktoru Azərbaycanda işləyəcək

Azərbaycan Basketbol Federasiyası (ABF) rəyasət heyətinin qəbul etdiyi qərara əsasəsən, türkiyəli basketbol meneceri Turqay Zeytingöz, federasiyanın idman direktoru vəzifəsinə təyin olunub.

Futbolpress.az xəbər verir ki, onunla iki illik müqavilə imzalanıb. Müqaviləyə əsasən Turqay Zeytingöz, aşağı yaş qruplarında olan uşaq basketbolçuların və yerli gənc məşqçilərin inkişafı, Azərbaycan basketbolunda əsaslı infrastukturun qurulması və möhkəmləndirilməsi, müxtəlif yaş qrupları üzrə milli komandalara nəzarət və Azərbaycan Basketbol Liqasında (ABL) keyfiyyətin artırılmasına dair işlərə cavabdeh şəxs olacaqdır.

Zeytingöz 2021-2023-cü illərdə son iş yeri olan Türkiyənin “Qalatasaray” basketbol klubunun kişilərdən ibarət komandasında idman direktoru vəzifəsində çalışıb. 

2011-2017 -ci illərdə Türkiyənin gənclərdən ibarət milli komandalarında idman direktoru vəzifəsində çalışıb. Bu dönəmdə bir dəfə Avropa çempionluğu, iki dəfə isə Avropa üçüncülüyü mükafatlarını qazanıb. O həm də, 2010-cu ildən etibarən “Banvit” basketbol klubunda da idman direktoru olaraq fəaliyyətini davam etdirib. O 10 il davam edən “Banvit” karyerasında, türk basketboluna saysız-hesabsız gənc istedadlar yetiştirilməsində də böyük rol oynamışdır. “Banvit” in ikinci komandası “Bandırma Kırmızı” ilə ikinci liqada çempionluq (2011), “Banvit” ilə isə Basketbol Çempionlar Liqası finalı (2017), Türkiyə kuboku çempionluğu (2017) və Türkiyə çempionatında final (2013) uğurlarını əldə edib.