Qaçırılan fürsətlər, itirilən xallar

“Sabah” Azərbaycan Premyer Liqasında növbəti xal itkisini yaşayıb. “Bayquşlar” XIII turda azarkeşləri önündə autsayder “Kəpəz”lə heç-heçəyə razılaşıb. Meydan sahibləri son dəqiqələrdə buraxılan qolla matçı bir xalla başa vurub.

“Sabah” Premyer Liqada altı oyundur, qələbə qazana bilmir. Bu görüşlərdə 4 heç-heçə edən “bayquşlar” 2 dəfə də meydanı xalsız tərk edib. Avrokuboklara vəsiqə hədəfi olan komandanın nəticələni qənaətbəxş deyil. “Qarabağ”a məğlubiyyətdən (2:3) sonra özünə gələ bilməyən “futuristlər” xal itkilərini sıralamaqla “üçlük”dən uzaq düşür. 13 turdan sonra artıq 3-cü sıradakı “Turan Tovuz”la xal fərqi 8-dir. Mövsümün böyük hissəsi qabaqdadır, buna baxmayaraq, turnir cədvəlində özündən aşağı sıralardakı komandalarla oyunlarda itirlən xallar qarşıdakı dövrələrdə problem yarada bilər. “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Zirə” indiki məqamda daha məzmunlu futbol oynayır. “Sabah” bir-iki legionerinin fərdi bacarıqları sayəsində hücum qurur, nəticə əldə etmək istəyir. Krunoslav Renduliç “Kəpəz”lə matçdan sonra komandasının oyununu bəyəndiyini, döyüşdüyünü desə də, sərgilənən oyunla sözlər üst-üstə düşmür. Autsayder “Kəpəz” daha çox çalışan, xal qazanmağa can atan tərəf idi.

Xüsusilə, 70-ci dəqiqədən sonra əks-hücumda 100 faizlik şanslar yaradan “bayquşlar” qapını nişan ala bilmədi. Vurmayana vurarlar ifadəsi isə sonuncu dəqiqədə yerinə düşdü. “Kəpəz” standart vəziyyətdən sonra hesabı bərabərləşdirib, Masazırdan bir xalla ayrıldı. Ötən turda “Sumqayıt”la oyunda da üstün futbol nümayiş etdirən “Sabah” yaxşı qol imkanı yaratmaqda çətinlik çəkmişdi. Ümumiyyətlə, bu mövsüm komanda üstün oynadığı oyunlarda xal itirməyə davam edir. Ya qol epizodu yaradılmır, ya şanslar boşa verilir.

Qarşıda milli komandaların oyunları ilə əlaqədar fasilə var. Bu müddət “Sabah” üçün daha faydalı olacaq. Renduliç çatışmazlıqları bilir və aradan qaldırmaq üçün vaxtı olacaq. Fasilədən sonra xal itkiləri sıralanacağı halda, Renduliçin “Sabah” günləri qışa qədər çəkməyə bilər. Artıq narazılıqlar başlayıb və avrokubok zonası ilə fərqin böyüməsi əsas narahatedici məqamdır.

Şahin Cəfərov