“Zirə” Konfrans Liqasının pley-off mərhələsinədək irəliləməklə adından söz etdirdi. Qrupun astanasında “Omoniya”ya 6 cavabsız qolla yenilmək bir “qəza” idi və “qartallar” bundan dərs çıxara bildi. Bakıdakı cavab oyununda qazanılan qələbə (1:0) qarşı tərəfin motivasiyasızlığından çox, Rəşad Sadıqovun bu dəfə daha yaxşı hazırlaşan tərəf olmasının göstəricisi idi.
Əvvəla, futbolu yaxından izləyənlər bilir ki, Kipr klubları “boşalan” deyil. Bunu statistika da göstərir. Bundan başqa, ilk oyundan sonra da yazmışdıq, 0:6 uduzmasına baxmayaraq, “Zirə” bu qədər aciz oynamamışdı. Sadəcə, açıq, təşəbbüskar futbola risk edildi və buna əzbəri/vərdişi olmayan Sadıqovun yetirmələri gedişatı heç cür dəyişə bilmədi…
Cavab qarşılaşmasına “Omoniya” nə qədər rahat çıxsa da, oyuna biganə yanaşmırdı. Yuxarıda qeyd edildiyi kimi, bu tip ümumiyyətlə, Kipr klublarına xas deyil.
“Zirə” avromövsümlə “qapını möhkəm çırparaq” vidalaşdı. Major notlarla. Ancaq majorun davam etməsi üçün görülən işlər davam etməli, bu il ortaya çıxan çatışmazlıqlar üzərində işlənməlidir. Bu komanda qrup mərhələsinə yüksəlməyin mümkünlüyünü hiss etdi. Dadmaq üçün isə özünütəsdiq lazım.
Kamil Əhməd