Qələbəsizlik və ya uğursuzluq sindromu…

Ötən mövsüm Azərbaycan I Liqasında Ramiz Məmmədovun rəhbərliyi altında mübarizə aparan “Şamaxı”, çətinliklə də olsa Premyer Liqaya vəsiqə qazana bildi. Daha bir bölgə təmsilçisinin elitada iştirakı isə çempionata xüsusi rəng qatacaqdı.

“Şamaxı” rəhbərliyi elə Premyer Liqada iddialı olacağını baş məşqçi postuna gənc mütəxəssis Ayxan Abbasovu gətirməklə göstərdi. Abbasov mövsümün başlanğıcında komandanın əsas hədəfinin elitada qalmaq olduğunu vurğulasa da ilk perioddakı nəticələr “şirlər”in daha yaxşısını edə biləcək potensialda olduğunu göstərdi. Hətta çempionatın əsas iddialılarından sayılan “Zirə” üzərində səfər qələbəsi, həmçinin “Sabah”la bərabərlik bunu təsdiqləyirdi.
Nə oldusa Abbasovun kollektivi artıq 11 oyundur ki, qələbəyə həsrət qalıb. Başlanğıcda ortabab yerlərdə qərarlaşan “Şamaxı” indi autsayderlər siyahısındadır.

Uğursuzluğun səbəbi nədir?

Bir mənalı olaraq heyətin fiziki baxımdan yetərsizliyi burada öz sözünü deyir. Cari mövsümdə cəmi 3 qələbə qazanan “Şamaxı” hər üç oyunun ilk hissəsində vurduğu qol və ya qollarla buna nail olub. Komanda 60-65-ci dəqiqədən sonra buraxdığı qollara görə isə ya məğlub olub, ya da xal itirib. Başa düşülən odur ki, heyətin fiziki göstəricisi rəqiblərinə nisbətən aşağıdır.

Abbasovun günahı?

Gənc mütəxəssis kimi ölkədə sayılıb seçilən çalışdırıcılardan olan Ayxan Abbasovun oyuna sonradan müdaxiləsi yox səviyyəsindədir. Təbii, heyət kasadlığı, əldə kifayət qədər keyfiyyətli futbolçu olmadığı aydındır. Lakin özünə güvənən bir məşqçi belə bir məsuliyyətin altına girirsə, ona uyğunda hesablamalarını aparmalı idi. Yoxsa bu gedişat Abbasovun stolunu laxladacaq. Artıq mövsüm ərzində uğursuz nəticələrə görə 3 baş məşqçi postunu tərk edib – Adil Şükürov (“Kəpəz”), Roman Qriqorçuk (“Neftçi”), Krunoslav Renduliç (“Sabah”).

Gedişatın sonluğunu zaman göstərəcək. Ancaq Abbasovda ötən mövsümkü hirs, istək görünmür…

Mirkamal