“Zirə” Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Omoniya”nı (Kipr) məğlub etsə də, iki oyunun nəticəsinə görə turnirdə mübarizəni dayandırdı. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv ilk matçda 0:6 hesabıyla uduzduğu rəqibini Bakıda minimal hesabla üstələməsinə baxmayaraq (1:0), bu, mərhələ adlamaq üçün kifayət etmədi.
“Zirə”nin bumövsümkü avrokubok oyunlarını müsbət qiymətləndirmək olar. Hər nə qədər komanda Kiprdə böyük hesablı məğlubiyyət yaşasa da, ondan əvvəl Slovakiyanın “DAC 1904”, Xorvatiyanın “Osiyek” komandalarını duellərdə məğlub edərək adından söz etdirə bildi.
Ötən mövsümü Azərbaycan Premyer Liqasında gümüş medalla bitirən “qartallar” tarixi ilini keçirməkdədir. Sadıqovun komandası xüsusilə, əks-hücumlarda istənilən komandaya başağrısı ola biləcəyini göstərib. Bakıda “Omoniya” ilə görüşə də sürətli başlayan və erkən qol axtarışında olan “Zirə” bir neçə imkan yaxalasa da, dəqiqlik çatmadı. İstənilən komanda üçün 0:6-dan sonra geridönüş mümkünsüz görünür və oyunçuları matça kökləmək daha çətin alınır. Lakin dünən göründü ki, “Zirə”nin futbolçuları kiprlilərə qarşı yaxşı hazırlaşıb və qələbə üçün sona qədər döyüşdülər. Mərhələ adlamaq mümkün olmasa da, “qartallar” Azərbaycanın UFEA reytinqinə 0,250 xal əlavə etməyi də bacardı.
Kiprdə ilk oyunda müdafiədəki səhvlər və futbolçuların böyük azarkeş kütləsi qarşısında təzyiqə düşməsi nəticənin böyük hesablı olmasına gətirib çıxarmışdı. “Qartallar”ın müdafiədən deyil, hücumda oynaması rəqib üçün əlverişli olmuş və “Omoniya” sürətli hücumlarla fərq yarada bilmişdi. Sadıqov da Bakıdakı görüşdən sonra birinci matçdakı səhvləri qəbul etdiyini bildirib. Ancaq artıq gecdir və irəli baxmağa ehtiyac var.
“Zirə” bu mövsüm də mükafatçılar sırası uğrunda mübarizə aparacaq. Komandanı qarşıda daha ağır qrafiklə üz-üzədir. Sadıqovun kollektivi Premyer Liqada “Qarabağ”, “Neftçi” və “Sabah”la oyunlar gözləyir.
Şahin Cəfərov