“Qələbə ən çox meydanda can qoyan komandanın olacaq”

“Komandamız çempionata yaxşı başlayıb. İki oyun keçirib maksimum nəticə qazanmışıq. Bu, yaxşı hazırlığımızın sayəsində olub”.

Futbolpress.az xəbər verir ki, “Gəncə”nin basketbolçusu Cəbrayıl Əkbərov klubun mətbuat xidmətinə açıqlamasında belə deyib. Milli üzvü onu da bildirib ki, “Gəncə”nin uğurlu çıxışı oyunlarda düzgün taktika seçməklə bağlıdı:

“Rəqibləri təhlil edib onların necə oynayacağını müəyyənləşdiririk. Məşqçilərin seçdikləri taktika əsasında mübarizə aparıb, verilən tapşırıqları yerinə yetiririk. Əlbəttə ki, hamının meydanda öz gücünü tam olaraq ortaya qoyması qələbəni şərtləndirən amil olur”.

Cəbrayıl bir müddət zədədən əziyyət çəkib, məşqsiz qalıb. “Quba”ya qarşı son çempionat görüşündə az da olsa, oynamaq şansı alan hücumçu yavaş-yavaş formaya düşməyə çalışır:

“Bu qarşılaşmadan əvvəl demək olar ki, 3 həftə məşq edə bilməmişdim. Bərpa dövrünün ardından az oynamağım normaldır. Zədədən sonra oynamaq çətindir, amma mən bacardığım qədər komandama kömək etməyə çalışdım. Artıq tam gücümlə məşqlərdə işləyirəm, məqsədim oyunumla kollektivə daha çox kömək etməkdir. Özümü yaxşı hiss edirəm”.

Əkbərov qarşıdakı matçdan da danışıb. “Ordu” ilə səfər oyununun hər iki tərəf üçün çətin keçəcəyini vurğulayıb:

“Həm biz, həm də onlar iddialıdırlar. B qrupunun favoritləriyik və demək olar ki, eyni gücdəyik. Qələbə ən çox bunu arzulayanın, meydanda can qoyan komandanın olacaq. Görüşə çox ciddi yanaşırıq. Qalib gələ bilərik, inşallah, belə də olacaq. Mən buna inanıram”.