Azərbaycan Premyer Liqası başa çatmaq üzrədir. Son ölkə kubokunun qalibi “Qəbələ” növbəti mövsümdən I Liqada çıxış edəcək.
“Qırmızı-qaralar”ın kapitanı Urfan Abbasov “FutbolPress”ə açıqlamasında komandanın yenidən elitaya qayıdacağına inandığını söylədi:
“Son turlarda qələbə qazanmağımıza baxmayaraq, təəssüflər olsun ki, bu il müəyyən səbəblərə görə istənilən səviyyədə çıxış edə bilmədik. Bunun da nəticəsidir ki, Premyer Liqanı tərk edəcəyik. İnşallah, bundan yaxşı dərs çıxaracağıq. I Liqada komanda əlindən gələni edib yaxşı mübarizə aparmalıdır. Növbəti il Premyer Liqaya vəsiqə qazanmaq şərtdir. “Qəbələ”nin buna potensialı var, inanıram ki, bunu bacaracaqlar”.
Uzun illər “Qəbələ”də çıxış edən futbolçu gələcək karyerası barədə hələ qərar vermədiyini açıqladı:
“Gələcək karyeram haqda qərar verməmişəm, bunu zaman göstərəcək. İllərdir komandanın əsas heyətində çıxış edirəm. Keçirdiyim gözəl günlər burada olub. Ancaq xoş anları xatırlayıram. Avrokuboklarda iştirak, ölkə kubokunu qazanmağımız yadımdan çıxmaz. Bizli və ya bizsiz, inanıram ki, komanda yenidən öz sözünü deməyi bacaracaq. Mövsüm bitdikdən sonra yekun qərarı verəcəm. “Qəbələ”də qalsam, yenə əlimdən gələnin ən yaxşısını edəcəyəm ki, komanda uğurlar qazansın. Qalmasam da, “Qəbələ”yə uğurlar arzu edəcəm”.
Məlik Məlikov