“Qəbələ” Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünü sonuncu bitirəcək. Çempionatda sona bir tur qalsa da, bölgə təmsilçisinin elitanı tərk edəcəyi turlar öncədən bəllidir.
2008-2020-ci illərdə “Qəbələ” akademiyasının baş məşqçisi olmuş Halim Fıçıcı “FutbolPress“ə açıqlamasında “qırmızı-qaralar”ın durumunu şərh etdi:
“Qəbələ”nin aşağı liqaya düşməsi gözlənilməz oldu. Məyus oldu. Bilirəm ki, daha güclü qayıdacaqlar. Oradakı dostlarımla görüşürəm, Fariz Məmmədovla da danışmışam. Onlara motivasiya verməyə çalışıram. Artıq yeni ilin hazırlıqlara başlayıblar. Futbol belədir, həm qalxırsan, həm düşürsən. Bunlar təbii hallardır. Klub düşməyə layiqdirsə, kiminsə jesti ilə elitada qalması düzgün deyil. “Qəbələ”nin belə şeyə də ehtiyacı yoxdur. Komanda bu vəziyyətdən çıxacaq”.
Türkiyəli mütəxəssisi AFFA-nı “Qəbələ” akademiyasına dəstək olmağa çağırıb:
“Belə şəraiti olan klubun düşməsi doğrudur? Xeyr, amma layiqdirsə, normaldır. Azərbaycanda bəzən klublara jestlər edilir, ancaq düzgün deyil. Komanda uğursuz olubsa, aşağı düşməli, yenidən qalxmağı bacarmalıdır. “Qəbələ”nin yaxşı akademiyası var, gənclərlə də yüksələ bilərlər. AFFA akademiyaya, son illərdə Azərbaycan futboluna qazandırılan oyunçulara baxsın və düşünsün. Demirəm, “Qəbələ”ni saxlasınlar, xeyr. Ancaq akademiyanın ayaqda qalmasına kömək etməlidirlər. O dəfə Famil Xəlilov (“Qəbələ”nin əvəzedici komandasının baş məşqçisi) mənə siyahı atdı, hansı ki, bizim akademiyamızdan çıxıblar. Oyunçuların klubları, milli komandalardakı statistikaları var idi. Həqiqətən, qürurlandım. AFFA o siyahıya baxıb, düşünməlidir, hansısa yolla bu akademiyanı saxlamalıdırlar”.
Şahin Cəfərov