Qəbələdə mərkəzi oyun, Sumqayıtda avrokubok mübarizəsi (LAYİHƏ)

FutbolPressBu həftə Topaz Premyer Liqasında XVI turun oyunları keçiriləcək. Startı sabah veriləcək turun oyunları iki gün ərzində keçiriləcək. İlk günün oyunları turnir cədvəlinin yüksək sıraları baxımından daha böyük əhəmiyyət daşıyacaq.
 

“Qəbələ” – “Zirə”
17 fevral, 15:00
Qəbələ şəhər stadionu

 
Açılış matçı Qəbələdə baş tutacaq. Şəhər stadionunda eyniadlı komanda “Zirə”ni qəbul edəcək. Bu görüş ikinci yer uğrunda mübarizədə olduqca əhəmiyyətlidi. Düzdü, qarşılaşmanı geniş perspektivdə çempionluq yarışında da vacib saymaq olar, ancaq hazırda bu komandaları cəmi bir xalın ayırması görüşü 2-ci pillə mübarizəsində daha önəmli edir. Meydan sahibi qələbə qazanacağı halda ən yaxın izləyicisi ilə fərqi 4-ə yüksəldəcək. “Zirə” isə qalib gəlib, 2-ci yerə yüksəlmək iddiasındadı.  Meydan sahiblərinin əsas qol silahı Baqalı Dabonun zədə səbəbindən oynamaması qonaqların xeyrinə işləyəcək. “Zirə”də isə əksinə, cəzasına görə keçən turu buraxan Riçard Qadze sabah oynaya biləcək.
 
Bu, komandaların 11-ci dueli olacaq. Əvvəlki 10 matçın 3-də “Qəbələ”, 3-də “Zirə” qalib gəlib, 4 görüşdə heç-heçə qeydə alınıb. Top fərqində isə “qırmızı-qaralar”ın üstünlüyü var – 12:9. “Qəbələ” 7 matçdı meydanı qolsuz tərk etmir. Paytaxt təmsilçisi son 4 oyunda uduzmayıb.
 

“Sumqayıt” – “Neftçi”
17 fevral, 18:30
Sumqayıt. Şəhər stadionu

 
İlk oyun gününün ikinci matçı da olduqca əhəmiyyətlidir. Sumqayıtda 4-cü yerə iddialılar – eyniadlı yerli komanda və “Neftçi” münasibətlərinə aydınlıq gətirəcək. Hazırda 4-cü olan Samir Abasovun yetirmələri əsas rəqibini 2 xal qabaqlayır. “Gənclik şəhəri” təmsilçisi məğlub olmayacağı təqdirdə nəticəni uğurlu saya bilər. 2018-ci ilin ilk turunda yeganə qələbə qazanana komanda olan “Neftçi” isə səfərə mütləq  qələbə üçün gedir. Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv 3 xal qazanacağlı halda avrokubok mübarizəsində üstünlük qazanacaq. Meydan sahiblərinin kapitanı Vurğun Hüseynovun cəza səbəbindən matçı buraxması da “ağ-qaralar”ın xeyrinə olacaq. Ancaq Bakı klubu da keçən tur sıradan çıxan əsas heyət üzvü Məhəmməd Mirzəbəyovun xidmətindən yararlana bilməyəcək.

Matçöncəsi hər iki klubda ciddi dəyişikliklər baş verib. Əvvəlcə “Neftçi”nin prezidenti Orxan Hüsynzadə postndan getdi, daha sonra onun “Sumqayıt”dakı həmkarı Kamran Quliyev işindən istefa verdi. Yekunda Quliyev “Neftçi”yə yeni prezident təyin olundu. Onun yeni klubunun rəhbəri kimi ilk rəqibinin sabiq komandası olması da görüşə xüsusi maraq yaratmalıdı.

Bu komandalar indiyə qədər 22 dəfə üz-üzə gəlib. 12 dəfə “Neftçi”, 8 halda “Sumqayıt” 3 xala sevinib, yalnız 2 görüşdə tərəflər sülhə razılaşıb. Top fərqi 37:26 “ağ-qaralar”ın xeyrinədi. Son 5 qarşılaşmada meydan sahibi olan tərəf qələbə qazanıb. “Neftçi” 4 matçda səfərdə xal qazana bilməyib.
 
 
“Kəpəz” – “Keşlə”
18 fevral, 15:00
Gəncə şəhər stadionu

 
İkinci oyun gününə Gəncədə start veriləcək. Burda turnir cədvəlinin zirzəmisində qərarlaşan “Kəpəz” və “Keşlə” üz-üzə gələcək. Hesabat turu öncəsi meydan sahiblərin 7 xalla sonuncudusa, qonaqlar rəqibindən cəmi iki xal artıq toplayıb. Qərb təmsilçisi “Keşlə”ni Gəncədən əliboş yola salsa, sonuncu pillədən yaxasını qurtaracaq. Bu görüş, həm də Yunis Hüseynovun Gəncə klubunun “sükanı arxası”nda ilk xalını qazanması ilə əlamətdar ola bilər. Bazar günü keçiriləcək qarşılaşma Yuri maksimovun “Keşlə”də ilk səfər matçı olacaq. Bakılılar qələbə qazanacağı halda sonuncu pillədən uzaqlaşacaq.
 
Adıçəkilən komandalar indiyə qədər 28 dəfə üz-üzə gəlib. Üstünlük “Keşlə”dədi – 16 qələbə. Bunun müqabilində “Kəpəz”in cəmi 6 uğuru var. Qalan 6 matçda isə heç-heçə qeydə alınıb. Top fərqi 50:27 paytaxt klubunun lehinədi. Bununla belə, “Kəpəz” 4 matçdır meydanı qolsuz tərk eləmir. Bakılılar son 4 səfər oyununda qələbə qazana bilməyib.

 
“Səbail” – “Qarabağ”
18 fevral, 17:30
“Bayıl Arena”

 
Bağlanış oyununda lider və debütant üz-üzə gələcək. Son 4 ilin dəyişməz çempionu “Qarabağ” “Səbail”lə səfər oyununa çıxacaq. Keçən tur evdə “Qəbələ” ilə heç-heçə edən Ağdam klubu “Səbail”ə qalib gəlməklə ən yaxın izləyicilərinin fərqi azaltmasına imkan verməməyə çalışacaq. Zədə səbəbindən ötən turu buraxan Miçel və Əfran İsmayılovun sıraya dönməsi də Qurban Qurbanovu sevindirən amildi. Ancaq Yakub Jezniçak cəzalı olduğu üçün meydana çıxa bilməyəcək. “Səbail” isə autsayderlərdən uzaqlaşmaq üçün uğurlu nəticə əldə etməlidi. Çempionatın lideri ilə matçda 1 xal da debütant üçün qənimət sayılacaq.
 
Yalnız cari mövsümdə üz-üzə gələn komandaların hər iki oyununda “Qarabağ” qələbə qazanıb. “Səbail” isə bu matçlarda qol vura bilməyib. Top fərqi 3:0.

“FutbolPress”