Premyer Liqanın sonuncusu olacağı dəqiqləşən “Qəbələ” ardıcıl ikinci qələbəsini qazanıb.
Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv əvvəlcə “Səbail”i, daha sonra “Sabah”ı xalsız yola qoyub. “Dənizçilər” bu itki ilə avrokubok şansını itirdisə, “Sabah” ağır zərbə aldı.
32-ci turda qədər cəmi 4 qələbəsi olan “Qəbələ” ardıcıl uğurlu nəticələrlə diqqət çəkir. Komandanın sonuncu olacağı əvvəldən dəqiqləşib və indi oyunçular daha az təzyiqlə üz-üzədir. Rahat oyun nəticələri də gətirir, son zərbələrdə düzgün qərar verməyə səbəb olur. “Qəbələ” bundan əvvəl də oyunlarda epizodlara girir, real qol şansı yaxalaya bilirdi. Ancaq onda 2 metrdə qapıya düşə bilməyənlər indi 20 metrdən fərqlənir.
Qələbələrə baxmayaraq, komanda sonuncu olacaq və bu, nəyisə dəyişməyəcək. Yeganə dəyişəbiləcək şey isə AFFA-dan asılıdır. Qurumun İcraiyyə Komitəsi bu gün toplaşacaq və Premyer Liqada komanda sayının artırılması müzakirə olunacaq. “Qəbələ” sayın artmasını və elitada qalmasını gözləyir.
Son turlarda qazanılan qələbə, gənclərə şans verilməsi “qırmızı-qaralar” adına müsbət məqamdır. Bəlkə də, Kaxaber Sxadadze AFFA-nın müsbət qərar çıxaracağına inanır və indidən yerini sığortalayır.
Şahin Cəfərov