Dünən AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Toplantıda Premyer Liqada komanda sayının artırılmaması və legioner limitinin dəyişməməsi (7+4) qərarı qəbul edilib.
Qərardan sonra çempionatda sonuncu olan “Qəbələ”nin elitanı tərk edəcəyi dəqiqləşib. Bakı klubunun keçmiş vitse-prezidenti, hazırda II Liqada mübarizə aparan “Dinamo”nun İdarə Heyətinin rəhbəri Yaşar Seyidov “FutbolPress“ə açıqlamasında İK-nin qərarlarına münasibət bildirdi:
“Mövsümün əvvəlindən idman prinsiplərinə riayət olunacağı deyilirdi. Düzdür, “Qəbələ”nin yaxşı strukturu var, ölkənin ən səviyyəli komandalarındandır və elitanı tərk edəcək. Bu, futbolumuzda ağrılı hadisələrdəndir. Məsələ ondadır ki, idman prinsipləri qorunmasa və komanda sayı artırılsaydı, əlavə büdcə lazım idi.
Belə ki, indi 3 milyon verilir, lakin bu məbləğin artırılması – 4 milyon olması deməkdir. Əlavə 2 komanda gəlsə, artıq 8 milyon avro pul lazımdır. Bu baxımdan çətinlik ola bilər. Komanda sayı artırılanda digər situasiyaları da nəzərə almaq lazımdır. Bununla yanaşı, aşağı liqadakı klubların infrastrukturu da göz qabağındadır. Yəqin, İK üzvləri də bunları düşünüb qərar verdilər”.
Seyidov “Qəbələ”yə I Liqada olsa belə, akademiya üçün ödənişlərin verilməsinin davam etməsinin vacibliyini də vurğuladı:
“I Liqada iştirak edəcək komandalar üçün 300 min az məbləğdir. “Qəbələ” kimi komandaya isə əlavə dəstək lazımdır. Onlara gələcək ödənişləri kəsmək olmaz. Hazırda ən yaxşı akademiyalardan birinə sahibdirlər. Təklif edirəm ki, Premyer Liqa klublarının akademiyalarına ödənilən məbləğlər müstəsna hal kimi “Qəbələ”yə də ayırsınlar. İK-nın bununla bağlı qərarı yerində olar. “Qəbələ” akademiyasından kifayət qədər yaxşı oyunçular yetişməkdədir və bunun davamı lazımdır”.
Şahin Cəfərov